Son günlər havaların soyuq keçməsi, şaxtalı hava şəraiti dərsə davamiyyətə təsirsiz ötüşməyib. Bu hal xüsusilə şimal ərazilərdəki, dağ yerlərindəki məktəblərdə müşahidə olunub. Lakin dərslərin dayandırılmasına yol verilməyib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, xüsusilə Yardımlı, Gədəbəy, Lerik, Quba, Qusar, Şamaxı, İsmayıllı rayonlarında, Tovuzun dağ kəndlərində dərsə davamiyyət kifayət qədər aşağı olub.
Nazirlikdən verilən məlumata görə, hər il olduğu kimi, bu il də yerlərdə qışa hazırlıqla əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Mövcud problemlərin aradan qaldırılması üçün işlər görülüb. Məktəblərin istiliklə təminatı barədə nazirliyə ciddi siqnallar daxil olmayıb, yaranan çətinliklər qısa vaxtda həll olunub.
Qeyd edək ki, Azərbaycanda 1656 məktəb istilik sistemi ilə təmin olunub. 310 məktəb elektrik sobalarından, 469 məktəb mavi yanacaqdan, 386 məktəb duru yanacaqdan, 1680 məktəb isə odundan istifadə olunaraq qızdırılır.