“Dağınıq skleroz xəstəliyi bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindən biridir”.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının assisenti Rahim Əliyev “Dağınıq skleroz xəstəliyi” ilə bağlı keçirilən “Dəyirmi masa” da deyib.
R.Əliyevin sözlərinə görə, dağınıq skleroz xəstəliyi nevroloji simptomatikalı, mərkəzi və periferik sinir sisteminin çox ocaqlı pozulması ilə müşayiət olunan, proqressivləşən gedişli xroniki xəstəlikdir: “2013-2015-ci illər ərzində “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” çərçivəsində 1000-dən çox xəstə müayinə olunub. Onlardan 845 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. 100-dən artıq xəstə dinamik müşahidəyə götürülüb. 60-dan çox xəstədə diaqnoz tamamilə inkar edilib.
Hazırda proqram çərçivəsində tibb işçilərinin bu sahədə təkmilləşdirilməsi, habelə əhali arasında bu xəstəliyə dair maarifləndirmə işinin təşkili də davam edir.
Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir Babayev isə əlavə edib ki, ölkədə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması uçun bütün lazımi şərait yaradıb.