“Diktofonu aktivləşdirməyimin yeganə səbəbi Xədicə İsmayılın və digərlərinin danışıqlarında təxribatçı mövqelərin səslənməsinin şahidi olmağımdır”
“Təsisçisi olduğum “İrəli” İctimai Birliyinin ofisi İçərişəhərdə “Art Garden” restoranının yaxınlığında yerləşir. Bəzən nahar və şam yeməyi üçün həmin restorandan istifadə edirik”. Bunu Lent.az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı bildirib. Onun sözlərinə görə, yanvarın 23-də axşam Xədicə İsmayıl aralarında əcnəbilərin də olduğu 4 şəxslə birgə həmin restorana gəlib. “O, restorana daxil olanda mən artıq şam yeməyinə başlamışdım, yəni mən onların olduğu məkana deyil, əksinə, onlar mənim olduğum məkana gəlib və mənə yaxın masada əyləşiblər. Xədicə İsmayılın elə şəxsən özü də gizlətmir ki, masa arxasında yüksək səslə danışırdı. Mənə məxsus telefonun diktofonunu aktivləşdirməyimin də yeganə səbəbi məhz bu söhbəti aparan şəxslərin – Xədicə İsmayılın və digərlərinin danışıqlarında dövlətçiliyə, ölkənin konstitusion quruluşuna yönəlmiş aqressiv və təxribatçı mövqelərin səslənməsinin şahidi olmağımdır”.
C. Osmanlının sözlərinə görə, şahidi olduğu bu söhbətdə konstitusiyanın və qanunvericiliyin bəzi müddəalarının konkret pozulması faktı ilə rastlaşıb: “Azərbaycan qanunvericiliyinin “cinayətin şahidi olmaq, yaxud bu barədə məlumatlı olub xəbər verməmək özü bir cinayətdir” tövsihindən də xəbərdaram. Xüsusilə, söhbət milli mənafedən gedirsə, bu barədə sayıqlıq göstərmək hər bir vətəndaşın borcu olmalıdır. Onu da qeyd etməyi vacib sayıram ki, Konstitusiyanın 32-ci maddəsi daha çox şəxsi çəkilişə və səs yazısına aiddir. “Art Garden” restoranı da ictimai yer olduğundan, burada danışılanlar, o cümlədən Xədicə İsmayılın müzakirələri şəxsi yox, məhz ictimai-siyasi motivlidir. Xədicə İsmayılın mənimlə “Art Garden”da rastlaşmasıyla bağlı 3 dəfə fərqli fikir səsləndirməsi və əvvəlki fikirlərdən birini sosial şəbəkədən silməsi, bu barədə mövqeyini ard-arda dəyişməsi onun ictimaiyyətin mövqeyini yayındarmağa çalışmasını təsdiqləyir. Təəssüflər olsun ki, əksər məqamlar istintaq sirri olduğundan onları tam açıqlaya bilmirəm. Lakin zamanı gələndə hər kəs hər şeyi biləcək. Əminəm ki, o zaman Xədicədən daha çox “xədicəlik” edənlər bundan utanacaqlar”.
C. Osmanlı nurçuluqda ittiham olunması məsələsinə də aydınlıq gətirib. O vurğulayıb ki, nurçuluq adlı təriqətin olub-olmaması və əgər varsa da təhlükəliliyi barədə heç bir informasiyası yoxdur.