Nazirlər Kabineti “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda təhsilin hər hansı pilləsini və səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir.
Arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir. Qaydaya əsasən indiyə qədər ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab ediliblər. Dəyişikliyə əsasən bundan sonra ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra buraxılış imtahanında iştirak etməyən şəxslər də ümumi təhsil pilləsini başa vurmamış hesab ediləcəklər. Bu şəxslərin müraciətləri əsasında onlara arayış veriləcək.