Bu yol yenidən qurulur
Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişin daşımasının rahatlaşması istiqamətində verdiyi tapşırıq və sərəncamların icrası olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkə boyu kompleks tədbirləri davam etdirir. Yeni yol infrastrukturunun yaradılması uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə yenidən qurulmayan, bu üzdən yol örtüyünün vəziyyəti qənaetbəxş olmayan avtomobil yollarını əhatə edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoliunun 81-ci km-də ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Avtomobil yolu II texniki dərəcəli olmaqla uzunluğu 14 km, hərəkət hissəsinin eni 7.5 metr olmaqla torpaq yatağının eni 15 metr təşkil edir.
Avtomobil yolunda yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarıılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca karxana çınqılı materialından 16 sm qalınlıqda əsasın alt layı, 15 sm qalınlıqda optimal çınqıl qarışığından isə əsasın üst layı inşa edilib.
Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 90 min kub.m çınqıl və optimal-çınqıl qarışığı sərf edilib. Hazırda isə yol boyu iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Layihəyə uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 2 nöqtədə avtobus dayanacağı quraşdırılacaq, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 km uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun şəkildə, birbaşa olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin şəxsi nəzarəti altında həyata keçirilir. Tərtib olunmuş qrafikə əsasən işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Qeyd edək ki, bu yolun yenidən qurulması bölgədə 41 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
664