AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın iclası keçirilib. RSXM-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mərkəzin baş direktoru Qurban Yetirmişli 2013-cü ildə mərkəzdə görülən işlər və aparılan elmi tədqiqatlar nəticəsində əldə olunan yeniliklərdən danışıb. 2013-cü ildə mərkəzin daha dörd peyk rabitəsi ilə işləyən seysmik stansiyasının açıldığını bildirən Baş direktor həmçinin 22 GPS stansiyanın da bu il quraşdırılaraq istismara verildiyini qeyd edib. Q.Yetirmişli mərkəzlə xarici ölkələr arasında olan əlaqələr haqqında danışarkən 2013-cü ildə xarici tərəfdaşlarla əməkdaşlığın daha da yaxşılaşdığını və bunun qarşılıqlı təcrübə mübadiləsi üçün səmərəli olduğunu deyib.
İclasda mərkəzin "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi S.İsmayılova, "Zəlzələ ocaqlarının dinamikası və kinematikası" şöbəsinin müdiri S.Kazımova, "Seysmoloji materialların təhlili və təfsiri" şöbəsinin müdiri R.Abdullayeva, Elmi məsələlər üzrə baş direktorun müavini A.Rzayev (geofizika bölməsi), "Qravimetriya" şöbəsinin müdiri E.Bağırov və Geokimya bölməsinin rəhbəri R. Kərəmova 2013-cü ildə aparılan işlər və onun nəticələrinə dair hesabatlarını təqdim ediblər. Daha sonra aparılmış tədqiqatlar ətrafında müzakirələr aparılıb və hesabat Elmi Şuranın üzvləri tərəfindən müsbət qiymətləndirilib.