Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Təhsil Forumunda iştirak etmək üçün Londonda səfərdədir. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər.
Təhsil nazirinin müavini C. Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanın Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə ediləcək.