Lent.az-ın “Tamaşa dünya” layihəsində növbəti fotoreportaj Quba rayonunun Xınalıq kəndindəndir. Layihəni tanınmış fotoreportyor Abbas Atilay aparır.
Qədim yunan alimi Strabon “Coğrafiya” əsərində Cənubi Qafqazda 26 alban tayfasının yaşadığını yazaraq, onların adlarını çəkirdi. Bu tayfaların əksəriyyəti sonrakı əsrlərdə assimilyasiyaya məruz qalaraq kimliklərini itirmişdilər. Amma bu tayfalardan Xınalıq hələ də öz adət-ənənəsini qoruyub saxlaya bilib.
Xınalıq kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Paytaxt Bakıdan 225 km uzaqlıqdadır. Bu kənd regionun dəniz səviyyəsindən ən yüksəkdə yerləşən yaşayış məskəni hesab olunur. Xınalıq kəndi sıldırımlı qayalar arasında yerləşdiyi üçün bu kəndin digər yaşayış yerləri ilə əlaqəsi qış aylarında demək olar ki kəsilir.
Əvvəllər xınalıqlılar əsasən Xınalıqda yaşasa da, Sovetlərin çöküşündən sonra bu kənddə yaşayış standartlarının aşağı düşməsi kənd əhalisinin kütləvi olaraq böyük şəhərlərə üz çevirməsinə səbəb oldu. 20 il əvvəl bu kənddə 18 min xınalıqlı yaşayırdı, onların sayı getdikcə azalıb. Belə ki, 10 il əvvəl Xınalıqda 10 min nəfər yaşayırdı, bu gün isə onların sayı cəmi 1837 nəfərdir. Qeyri-rəsmi hesablamalara, görə bu gün Azərbaycanda 30 minə yaxın xınalıqlı yaşayır. Onlardan yalnız 5 mini Xınalıq dilində danışır və öz adət-ənənəsini qoruyub saxlaya bilib.
Xınalıq kəndi qayaların üstündə salındığına görə burda əhalinin əkinçiliklə məşğul olması üçün şərait yoxdur. Buna görə Xınalıq tayfası əsrlər boyu yalnız heyvandarlıqla məşğul olub. Qışda Xınalıq tamamilə qarın altında olduğundan heyvanların yem qıtlığı olur. Buna görə də hər il Xınalıq kəndinin əhalisinin 60%-i noyabr ayında mal-qara sürülərini götürərək ailələri ilə birgə dağlarla Azərbaycanın aran ərazilərinə, qışlağa köç edirlər. Onlar dağlarla 150 km-ə qədər yol gedirlər. Onların bu köçü 12-15 gün çəkir. Yazın sonlarında isə Xınalıq kəndinin əhalisi yenidən öz kəndlərinə qayıdır.
Xınalıq əhalisinin 60%-i qış aylarında köç etdiyi üçün bir qayda olaraq köçdən sonrakı 2 ay (iyun – iyul) Xınalıq kəndində “Toy ayları” hesab olunur. Çünki yalnız köçdən sonra bu aylarda nişanlı gənclər ailə qurmağa vaxt tapırlar. Və məhz həmin aylarda Xınalıqlıların sosial durumunu, yaşayışını, oradakı təhsilin vəziyyətini, eləcə də onların toy ənənəsini görüntüləmək və tirajlamaq olar.
Qış aylarında Xınalıq kəndi ekzotik görünüşə bürünsə də kənd boşalır. Çünki yuxarıda qeyd etdiyim kimi, əhalinin əksəriyyəti heyvandarlıqla əlaqədar Azərbaycanın Aran hissələrinə köç edir. Kənddə qalanlar isə əsasən köç etməyə gücü çatmayan yaşlılar və yaşlıların xidmətində olan ailələr olur.
Xınalıqlıların Xınalığı tərk etməsinin obyektiv səbəbləri var - kənddə içməli su çatışmazlığı mövcuddur. Son illər yaxınlıqdakı dağlardan bulaq suyu çəkilsə də bu kəndin suya olan ehtiyacını ödəmir.
Xınalıq kəndində qışda havanın hərarəti mənfi 30 dərəcəyə düşsə də, kənd heç vaxt qaz ilə təmin olunmayıb; bununla yanaşı bu kənd elektrik enerjisi ilə də normal təmin edilmir; Xınalıq kəndində nəinki xəstəxana, heç aptek də yoxdur. Xəstələnən olsa, onu ən yaxın xəstəxanaya təhlükəli dağ yolları ilə aparmaq lazım olur. Bu halda isə çox vaxt ağır xəstələr yolda vəfat edirlər. Tibbi mərkəzlərin olmamasına görə Xınalıqda hamilə qadınların təqribən 70%-i öz evlərində ənənəvi köhnə üsullarla dünyaya uşaq gətirirlər. Doğuş zamanı ölüm hallarına tez-tez rast gəlinir. Həm də bu səbəblərdən Xınalıq kəndi gündən-günə boşalır.
Hər il Xınalıqdan orta hesabla 6 ailə başqa yaşayış məntəqələrinə köçür, Xınalığı tərk edir. Bu hesabla yaxın onillikdə Xınalıq kəndi boşalacaq, Xınalıqlılar isə tarixdən silinəcək...