Gürcüstanda BMT-nin təşkilatçılığı ilə “Kvemo-Kartli bölgəsində etnik azlıq qadınlarının ehtiyaclarının prioritet məsələ kimi müəyyən edilməsi və qiymətləndirilməsi üsulu” layihəsinin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihə çərçivəsində Kvemo-Kartli bölgəsinin milli azlıqlar yaşayan bölgələrində respondentlər arasında sorğu aparılıb. Məqsəd etnik azlıqlarda qadınların ehtiyacları və prioblemlərinin aşkar edilməsidir.
“Sosial araşdırma və təhlil institutu”un rəhbəri Yaqo Qaçqacişvili azərbaycanlıların kompakt yaşadığı bölgələrdə 2013-cü ildə üç aydan çox azərbaycanlı qadınlar arasında genişmiqyaslı sosial araşdırmalar aparıldığını və son nəticə olaraq bir çox problem və çatışmazlıqlarla qarşılaşdıqlarını, azərbaycanlı ailələrdə qadınların gender bərabərliyini, hüquqlarını və onların ehtiyaclarını müəyyən etdiklərini bildirib. O qeyd edib ki, bölgədə etnik azlıqlar arasında azərbaycanlı qadınlar 80%, ermənilər 12%, ruslar 2,3% təşkil edir. “Biz digər qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə qadınların prioritet ehtiyaclarını öyrənmək üçün 3 min respondent arasında sorğu almışıq, onların sosial həyat tərzini, ailələrin nə ilə məşğul olması, təhsil və dil problemləri, erkən evliliklə bağlı yaranan ailə problemlərini diqqətlə öyrənmişik”.
Layihə barədə məlumat verən institut rəhbəri azərbaycanlı qadınların gürcü dilini zəif bildiklərini, kəndlərdə bu dildə tamamilə başa düşmədiklərini, bölgələrdə, xüsusən Marneuli və Bolnisidə gürcü dilini bilmə səviyyəsinin çox aşağı olduğunu deyib: “Bölgədə dövlət dilinin bilmə səviyyəsi dramatik səviyyədədir. Azərbaycanlı qadınların 64, 4%-i gürcü dilində yazmağı, oxumağı və danışmağı bilmir, erməni qadınları da 59% gürcü dilini bilmirlər. Ali təhsil alan qadınların sayı 25%-i təşkil edir. Kənddə yaşayan azərbaycanlı ailələrin əsas gəliri kənd təsərrüfatından çıxır. Qadınlar evdə yemək bişirir, paltar yuyur və təsərrüfatla məşğul olur.
Respondentlərin 42%-nin dediyinə görə, ailənin orta gəlir səviyyəsi çox azdır”.
"Sosial Tədqiqat və Təhlil İnstitutu”nun rəhbəri qeyd edib ki, bölgədə savadsızlıq 65 və daha çox yaş kateqoriyalı insanlar arasında çoxdur.
Tədbirdə kəndlərdə informasiya qıtlığının da olduğu bildirilib. Qeyd olunub ki, bölgədə yaşayan qadınların 32% -i informasiyanı Azərbaycan televiziyalarından, 6%-i gürcü televiziyalarından, 7%-i internet, qəzet və radiolardan alır. Ailələrdə qadınların 59%-inin şəxsi gəliri yoxdur. Kvemo-Kartli bölgəsində etnik azlıq ailələrinin aylıq gəliri orta hesabla 290 laridir. Ailələrin 5%-nin orta gəliri 100 laridən aşağıdır.
Layihədə qeyd olunub ki, bölgədə yaşayan etnik azlıq olan qadınların 74%-i sorğu zamanı bildirib ki, qadın üçün ən vacib iş ailə qurub övlad dünyaya gətirmək, kişilərin vəzifəsi isə karyera qurub pul qazanmaqdır. “Kişilərin gördüyü iş qadınların gördüyü işdən daha keyfiyyətlidir” fikiri ilə 18% qadın razılaşıb. Qadınların 47%-nin fikrincə, ailəni nə bahasına olursa, olsun saxlamaq vacibdir, hətta ər zorakılıq etsə belə. Onlar qeyd edib ki, parlamentdə, məktəb direktoru vəzifələrində və yerli icra nümayəndəliklərində qadınların vəzifə tutması onları maraqlandırmır”.
Sonra tədbirdə BMT Qadınlar Təşkilatının proqram meneceri Tamar Tavartkiladze, BMT-nin Qadınlar Təşkilatının proqram mütəxəssisi Tamar Sabedaşvili və başqaları çıxış edərək layihənin qadınlarla bağlı ilk layihə olduğunu bildiriblər.
Tədbirdə Borçalının kəndlərindən gələn qadın və kişilər də iştirak edərək diskussiya zamanı fikirlərini bildiriblər. Onlar son illər azərbaycanlıların kompakt yaşadığı bölgələrdə qadınların yaşayış tərzinin çox aşağı olduğunu deyiblər.
Tədbirdə gürcü jurnalistlərinin bölgədə olan hadisələri yetərincə işıqlandırmadıqları, buna görə də əhalinin informasiyanı Azərbaycan televiziyalarından və saytlardan aldığı bildirilib. Tədbirdə çıxış edən Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, QHT rəhbəri Səbinə Talıbova, Sadaxlı sakinləri, Ağməmmədli kənd sakini Nərgiz Məmmədova, Marneuli icra hakimiyyətinin nümayəndəsi və başqaları gürcü jurnalistlərinin soydaşlarımızın yaşadıqları bölgələrdə keçirilən tədbirlərə qatılmadıqlarını və azərbaycanlı ailələrin diskriminasiya halları ilə üzləşdiyini, bölgə telekanallarının Sadaxlıda baş verən zorakılıq, insan oğurluğunu çox zəif işıqlandırdıqlarını, eyni zamanda bölgədə olan “Gürcü Dili Evi” Mərkəzlərinin zəif fəaliyyəti və dil öyrətmək üçün şəraitin olmadığını bildiriblər.
BMT Qadınlar Təşkilatının Proqram mütəxəssisi Tamar Sabedaşvili APA-ya açıqlamasında tədbirin təmsil etdiyi qurumun qadınlar arasında araşdırma apardığını, Gürcüstan hökumətinə hesabat verəcəklərini və qeyd olunan problemlərin həllinə çalışacaqlarını bildirib: “Sosial siyasət əhalinin konkret ehtiyaclarından əmələ gəlir. Mandatımız əhali arasında qadınların həyatını araşdırmaqdır. Biz ilk dəfə olaraq Kvemo-Kartlidə azərbaycanlı qadınların sosial həyatı ilə maraqlandıq. Mən şadam ki, araşdırma yüksək səviyyədə keçdi və bizim əlimizdə faktlar var. İndi biz hökumətlə dialoqa başlayacağıq və təkmilləşdirilmiş fikirlər irəli sürəcəyik. Biz araşdırmalara əsaslanmalıyıq. Bu, siyasətdə, kommunikasiya strategiyasında dəyişikliklər deməkdir. Biz, beynəlxalq təşkilatlar cəhd edəriksə, xüsuilə medianın təsir gücü böyük olarsa, hökumət də maraqlanar və bölgələrdə dəyişikliklər baş verər. Bu dəyişikliklər ola bilər ki, sabah, o biri gün baş verməz, lakin bu məsələyə bütün səviyyələrdə sistematik baxış lazımdır. Belə olarsa, düşünürəm ki, az da olsa siyasət dəyişə bilər. Buna ümid edirəm”.