Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində aprelin 6-da psixi sağlamlığın aktual məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
Lent.az-ın məlumatına görə, görüşdə müzakirə olunan əsas məsələlərdən biri intiharlarla əlaqədar Azərbaycanda mövcud vəziyyət olub.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bildirib ki, Səhiyyə Nazirliyi xüsusilə gənclər arasında intiharların sayının azaldılmasına səy göstərir: “ Bunun üçün Psixi Sağlamlıq Mərkəzində təcili psixoloji yardım şöbəsi fəaliyyət göstərir. Böhran vəziyyətlərində intihar riskinin yüksək olduğu hallarda psixoloji kömək məqsədilə şöbənin nəzdində “Qaynar Xətt” 24 saat ərzində fəaliyyət göstərir. Şöbənin ixtisaslaşmış mütəxəssisləri onlara zəng edən insanlara hər cür yardım etməyə çalışırlar. Hər hansı problemi olan və yaxud böhran vəziyyətində olan insanlar müraciət edə bilərlər”.
Tədbirdə çıxış edən Psixi Sağlamlıq Mərkəzinin kliniki psixoloqu Aygün Soltanova bildirib ki, artıq səhiyyə nazirinin yeni qərarına əsasən ixtisaslaşmış müəssisələrdə kliniki psixoloqlar fəaliyyət göstərəcək: “ Üstəlik artıq hər kəs deyil, ixtisaslı olan kadrlar bu sahədə çalışacaqlar".
Dəyirmi masa zamanı, eyni zamanda, psixi xəstəliklərdən əziyyət çəkənlərin arasında stiqmanın yayılması məsələləri müzakirə predmeti olub. Beynəlxalq statistik məlumatlara görə, 40-70% hallarda psixi xəstəliklərdən əziyyət çəkənlər KİV-lərdə təhlükəli və əqli çatışmazlığı olan şəxslər kimi təqdim edilir. Pasientlərin dəstəyə və tolerant münasibətə ehtiyacı olan şəxslər kimi düzgün xarakteristikası onların ictimaiyyət tərəfindən qarşılanmasını yaxşılaşdıra bilər.
Həmçinin, digər vacib məsələlərdən biri psixososial reabilitasiya sisteminin inkişafının müzakirəsi olub. Bildirək ki, son illər Səhiyyə Nazirliyinin səyi ilə psixi xəstəliklərdən əziyyət çəkənlər üçün uğurlu reabilitasiya proqramları tərtib və tətbiq olunub. Hazırda reabilitasiya tədbirlərində nəinki həkim-psixiatrların, həmçinin kliniki psixoloqların, sosial işçilərin, məşğulluq və digər sahələrdə çalışan mütəxəssislərin iştirakı üçün şərait yaradılıb.
Son olaraq ağır psixi pozuntulardan əziyyət çəkən şəxslərin uğurlu psixososial reabilitasiyası nümunələrinin təqdim olunmasında KİV-lərin əhəmiyyətli rolu qeyd olunub.