ABŞ-da səfərdə olan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkilatın Baş katibinin hüquqi işlər üzrə müavini Patrisiya Obraynla görüşüb. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Azərbaycan və BMT arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini vurğulayan nazir dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan və qazanılan nailiyyətlərdən danışıb.
BMT-nin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edən P. Obraynla ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını təqdir edib, qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləyib. Baş katibinin müavini Azərbaycanda məhkəmə sisteminin, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında əhəmiyyətini vurğulayıb, ölkəmizin bir sıra sahələrdə müsbət təcrübəsinə böyük maraq göstərib.