Oktyabrın 21-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa start veriləcək. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavinin 19 oktyabr tarixindən etibarən ölkəmizə rəsmi səfəri başlayır.
Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.
Tədbirdən öncə elçinin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə, eyni zamanda Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, “İrəli” gənclər təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə görüşü nəzərdə tutulub.