Bir ünvana minbir yol: sirlərin açarı kimin alindədir? - ARAŞDIRMA
11 mart 2013 14:40 (UTC +04:00)

Bir ünvana minbir yol: sirlərin açarı kimin alindədir? - ARAŞDIRMA

Otaqda iki-üç nəfər oturmuşdu. Bizdən sonra gələnlərin sayı artdı. Artıq gecə namazı ərəfəsində evdə təxminən 30-40 nəfər toplaşmışdı. Namazdan sonra əyləşməyə dəvət edib, şirin çay payladılar. Ardınca başda divanda oturan 30-35 yaşlı şəxs dini qaydalardan danışaraq adını ilk dəfə eşitdiyim bir şəxsdən tez-tez sitatlar gətirirdi. Söhbət əsnasında bizə üzərində həmin şəxsin şəkli olan bir kitabı da payladılar... Bir də onda ayıldım ki, artıq mövzu dindən ayrılıb həmin şəxsin təbliğinə yönəlib...

 

Bakı Dövlət Universitetinin yataqxanaları yanında yerləşən İlahiyyat məscidində tanış olduğum bir nəfərin təklifi ilə bura gəlmişdim. Həmin gecə o evdə baş verənlərin detallarına toxunmayacam, amma mən həmin gündən sonra bir daha ora getmədim və bunu sezən həmin yoldaş da daha məni ora dəvət etmədi. Sonralar öyrəndim ki, o evdə haqqında danışılan şəxs Türkiyədə, MDB-də və hətta ABŞ-da məşhur ismə çevrilib. Onun adı ilə məşhur olan təriqət də həmçinin. O evdəkilər də o təriqətə mənsub olanlar imiş.

Və getdikcə bu cür qrupların fəaliyyəti ilə Bakıda tez-tez rastlaşmağa başladım. Tezliklə artıq onların dükanları, hətta ticarət obyektləri formalaşmağa başladı. Əvvəlcə dini ləvazimatlar satmaqdan başlayıb, sonradan müxtəlif malların, məhsulların satışına keçdilər. Bir qayda olaraq həmin ticarət mərkəzləri şəhərin müxtəlif yerlərində eyni görkəmdə fəaliyyət göstərməyə başladılar. Məsələn, Yasamal rayonunda İlahiyyat məscidinin həyətində əvvəlcə dini kitabların və ləvazimatların satışı ilə başlayan dükan açıldı. Artıq indi ora tələbə yataqxanalarına tərəf genişlənərək eyni zamanda kafe, qəssabxana (kəsilən heyvanları da alıb məscidin həyətində saxlayırlar), müxtəlif spirtsiz sərinləşdirici su və şirələrin satışı kimi istifadə olunur. Təqribən 8-10 nəfərin çalışdığı həmin məkanda hamı bir qayda olaraq saqqallı və gödək şalvardadır...

 

Demək olar ki, bu cür mənzərələr nəinki Bakının, artıq respublikanın ümumi görünüşünün bir hissəsi olmağa başlayıb. Yəni, din dövlətdən ayrı olsa da cəmiyyətdə heç vaxt ayrı olmur, heç ola da bilməyib.

 

Azadlığın yeni forması

 

1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra bir sıra post sovet ölkələri kimi müstəqilliyə qovuşan Azərbaycanda da dünya üçün qapı açıq oldu. Bu, ölkənin iqtisadi dirçəlişində əsaslı rol oynamaqla yanaşı xeyli maraqların, o cümlədən də dini təriqətlərin bura ayaq açmasını asanlaşdırdı.

 

Bu dövrdən sonra İrandan və ərəb ölkələrindən Azərbaycana dinçi qrupların gəlişi başlandı. Bununla da getdikcə Azərbaycanda islamın sünni məzhəbinə aid camaatlar formalaşmağa başladı. Hətta bəzi ekspertlər Azərbaycanın İranı, İraqı, Suriyanı, Livanı və Yəməni əhatə edən dini təriqətlər məkanının bir parçası olduğunu söyləməyə başladılar.

 

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda vicdan azadlığı qanunla təsbit olunur. Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir.

 

Bu gün Azərbaycan dini icmaların sayına görə postsovet məkanında qabaqcıl yerlərdən birini tutur.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilənə qədər Azərbaycanda 532 dini icma qeydiyyatdan keçib. Qanuna dəyişiklikdən sonra indiyədək 513 dini icma qeydiyyatdan keçib. Onlardan 495-i İslam dininə aid icmalardır. 10-u xristianlıq, 6-sı yəhudilik, 1-i krişna və 1-i də bəhailikdir. 30 dini icmanın qeydiyyatından isə sənədlərindəki nöqsanlara görə imtina olunub. Komitə heç bir dini icmanın qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət etməyib. Onların məlumatında belə deyilir.

 

Azərbaycanda İslam təmayüllü ən böyük dini icma Qafqaz Müsəlmanları İdarəsi hesab olunur. Mahiyyət etibarı ilə bu icma bütün Qafqazı əhatə edir. İcmanın yaranma tarixi 19-cu əsrin əvvəllərinə gedib çıxır. 1823-cü ildə Qafqaz şiələrinə başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilir. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis olunur. Lakin şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi hələ Qafqaz Ruhani İdarəsinin yaranması demək deyildi. Onlar yalnız fərdi qaydada fəaliyyət göstərən dini başçılar idilər. Şeyxülislamın rəhbərlik etdiyi idarənin nəzdində şiə, müftinin rəhbərlik etdiyi idarənin nəzdində isə sünni ruhani idarələri 1872-ci il aprelin 5-də çarın fərmanı ilə təsis edildi və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərdi. Şeyxülislam və müfti çarın Qafqaz canişini tərəfindən təyin edilirdi. Ruhani idarələrin fəaliyyəti isə çarizm üsuli-idarəsi tərəfindən istiqamətləndirilirdi. Bunlar dövlət idarəsinin bir qolu sayılırdı, ruhanilər isə çar məmurlarına bərabər tutulurdu.

 

1920-ci ilə qədər Qafqazda, o cümlədən Azərbaycanda müsəlman ruhaniləri iki dərəcəyə bölünürdü: şeyxülislam, müfti və sair... Bir də Şiə və sünni ruhani idarələrinin, quberniya ruhani məclislərinin üzvləri; məscid mollaları. Bununla yanaşı olaraq, ruhanilər dini ideologiya, ehkam və əməli həyat məsələlərini həll etmək və onlara dini, ictimai qiymət vermək səlahiyyəti baxımından üç zümrəyə aid edilirdi. Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 16 nəfər isə sünni qazısı olub. 1823-cü ildən bu günə kimi isə 12 şeyxülislamımız və 11 müftimiz olub.

 

Yuxarıda qeyd etdiyim kimi, SSRİ dağıldıqdan sonra İslami icmaların da sayı çoxaldı. Təkcə qeydiyyatdan keçən 500-ə yaxın İslami icma var. “İrfan” dini icması istisna olmaqla, digərləri ölkənin müxtəlif bölgələrində yerləşən məscidlər üzrə yaranmış dini icmalardır.

 

Müstəqilliyinin ilk dövrlərindən dini tolerantlığı prioritet elan edən Azərbaycanda həmçinin digər dinlərə məxsus icmalar da aktivləşdi.

 

Məsələn, Azərbaycanda dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur ki, Azərbaycanda iudaizmin mövcudluğunu onlar təmin edirlər. Qeyd edək ki, bütövlükdə ölkədə yəhudilərin sayı 16 mindən bir az çoxdur. Bunlardan 11 mini dağ yəhudiləridir ki, təxminən 6 mini Bakıda, 4 mini Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır.

 

Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır.

Gürcü yəhudiləri isə təxminən 700 nəfərdir.

 

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri də vardır. Eyni zamanda regionlar üzrə göstərilən rəqəmlər ona dəlalət edir ki, həmin ərazilərdə o qədər həmin dinə məxsus insanlar var. Dini məbədləri sinaqoq adlanır.

 

Dini əqidələrinə görə, dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və ravvin rəvayətlərini də dinin əsas mənbələri sırasında götürürdülər. Uzun müddət ali ruhani təhsil ala bilmədikləri üçün Təlmud qaydalarını bir qədər təhrif edilmiş şəkildə izah edib, Qafqaz xalqlarının bütpərəstliklə bağlı bəzi təsəvvürlərini mənimsəyiblər. Meşədə yaşayan, hamilə qadınların ürəyini və ciyərini çıxarıb yeyən qadın Dedey-ol, yeni doğulmuş uşaqları himayə edən İlan-Əjdəha ilə bağlı təsəvvürlər, habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb üstündən atılmaq ayini yəhudiliklə deyil, yerli inanclarla bağlıdır. Dağ yəhudiləri əqidə məsələlərində Əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar.

 

Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

 

Azərbaycanın yəhudi icmaları “Soxnut”, “Aqudit İsrail” və “Tşuva İsrail” kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıxı əlaqə saxlayırlar. Xristianlıq da Azərbaycan ərazisinə eranın ilk əsrlərindən, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxır və Kiş adlı yerdə, yerli inanclara görə o vaxtadək səcdəgah sayılan ərazidə kilsə tikir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilib. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanır, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirir. Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılıb, çalanın üzərində isə kiçik bir məbəd tikilib.

 

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunur. Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlayıb. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Rus Borisi, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.

 

Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılıb. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılıb.

 

1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır.

 

Azərbaycanda Alban-udi kilsəsi də fəaliyyət göstərir. Hazırda bu kilsə dövlət qeydiyyatından da keçib. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10 minə qədərdir ki, onların 6 mini Azərbaycan ərazisində, o cümlədən 4400 nəfəri kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində yaşayır. Udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşayıb, sonralar xristianlığı qəbul ediblər. Bu dini Qafqaz Albaniyasında yayıblar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, Azərbaycanda “xristian kilsələrinin anası” hesab olunur.

 

Görünənlərdə görünməyənlər

 

Azərbaycanda qeyri-ənənəvi dini icmalar da mövcuddur. Yehova şahidləri, Nehemiya, Mədh kilsəsi, Həyatverici lütf, Beynəlxalq Krişna şüuru, Bəhai, Novoapostol kilsəsi və Yevangel xristianları icması bu sıradandır. Onlar arasında hazırda Beynəlxalq Krişna şüuru və Bəhai icmaları dövlət qeydiyyatından keçib.

 

O cümlədən bizdə də dini təşkilatlar məsələsində bəzi qaranlıq məqamlar hələ də yaşanmadadır. Müxtəlif mənbələrdə bu gün Azərbaycanda İslami təmayüllə əlaqələndirilən vəhabilik və nurçuluq təriqətinin də adı daha çox hallanır. Hansı ki, onların heç biri dövlət qeydiyyatına alınmayıb. Bu da səbəbləri onların Azərbaycanın yerləşdiyi bölgədə oynadıqları rolla bağlıdır.

 

Məsələn, regionda ərazicə və əhalicə böyük olan qonşu Rusiyada qadağan olunmuş dini təşkilatlar əsasən 3 dini camaatdır. Birinci yerdə Sələfilik və ya vəhhabilik durur ki, bunun da siyasi səbəbləri var. Bu qadağa əsasın birinci və ikinci Çeçenistan müharibəsi zamanı bu camaatların o regionda aktiv fəaliyyəti nəticəsində dövlət tərəfindən qadağan edilib. Bununla yanaşı, Misir yönlü Müsəlman qardaşlar təşkilatı var ki, bu təşkilat da Birinci Çeçenistan müharibəsi zamanı mücahidlərə hərbi, siyasi və ideoloji dəstək veriblər.

 

İkinci sırada isə Hizb-ut-Təhrir camaatı gəlir ki, bu da Rusiya Orta Asiya Azərbaycan və bəzi qərb ölkələrində qadağan olunmuş camaatlar siyahısına aid edilib. Sonuncu yerdə isə Nurçuluq durur ki, Rusiyanın bir sıra şəhərlərində nur camaatının uzun sürən məhkəmələri olub.

 

Hazırda Nurçuların və vəhabilərin Qafqazda rolu daha da artmaqdadır. Nurçular əsasən Türkiyədə daha geniş yayılıb və son illər Rusiyada, o cümlədən Qafqazda fəaliyyət göstərməyə başlayıblar.

 

Vəhabilik İslam dinində XVIII əsrdə formalaşmış dini-siyasi cərəyandır. Əsası İslam alimi, İslam metafizikasının və dində yeniliklərin əleyhdarı olan İbn Teymiyyənin (1263-1328) davamçısı Məhəmməd ibn Əbdül Vəhab ət-Təmimi (1703-1792) tərəfindən qoyulub. Vəhabi termininin geniş yayılmasına baxmayaraq, bu cərəyanın tərəfdarları özlərini “sələfi” adlandırırlar.

 

Məhəmməd ibn Əbdül Vəhab hesab edib ki, əsl İslama yalnız Məhəmməd peyğəmbərin davamçılarının ilk üç nəsli (Əl-sələf əs-Saleh) tərəfindən riayət olunub. O, dindəki yeniliklərin əleyhinə çıxaraq, onları küfr hesab edirdi. 1932-ci ildə Əbdül Vəhabın ideyalarının davamçısı sayılan Səud sülaləsi hakimiyyətə gələrək, müstəqil Səudiyyə Ərəbistanı dövlətini yaratdı və bu dini-siyasi cərəyanı dövlət başına gətirdi.

İslamdakı yeniliklərə qarşı müxalifətdə olan İbn Teymiyyənin baxışları İslam məzhəblərinin ziyalı təbəqəsinin etirazına səbəb olsa da, bir əsrə yaxındır ki, bu ideyalar yenidən İslam cəmiyyətində baş qaldırıb. Hətta müzakirə obyektinə çevrilərək özünə geniş auditoriya tapıb. Bu gün Qafqazda fəaliyyəti qadağan olan bir sıra dini qruplaşmaların adları məhz Vəhabiliklə əlaqələndirilir. Əsasən də “cihad” adı altında Şimali Qafqazda Rusiya Federasiyasının yürütdüyü siyasətə qarşı aktivdirlər.

Nurçuluq adətən Nur camaatı kimi tanınır. İslam alimi Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmış dini camaatdır. Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir.

 

Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılıb. Bundan başqa Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və sair kimi ölkələrlə yanaşı Azərbaycanda da Risale-i Nur oxunur. Daha çox bu hərəkatın adı siyasi qalmaqallarda və digər mübahisəli məqamlarda hallanır.

 

Nurçular, özlərinə Nur tələbələri adını verməkdə və Hizbul Quran olduqlarını irəli sürməkdədirlər. Nur Şagirdlərinin Nurçuluğa girə bilmələri üçün o məhəllədəki ən böyük nurçuya qarşı bəzi təəhhüdlərdə olmaları lazımdır. Bu təəhhüdlər Nurçuluğa və Nurçuların böyüklərinə sədaqət, Nurçuların sirlərini açıqlamamaq, məqsədləri üçün müşavirələrdə olmaq, nurun reallaşması üçün fəaliyyətlərdə olmaq kimi şeylərdir. Nurçuların olduqları yerlərdə Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri də məcburdur.

 

Nur tələbələrinin digər bir vəzifələri də nur risalələrini çoxaldıb paylamaqdır.

 

Azərbaycanda dinin təşkilatlanmasına ehtiyac varmı?

 

Ümumiyyətlə, Azərbaycan strateji bölgədə həm də strateji ölkə olduğu üçün burada daim dini təriqətlər mövzusu həssas olub. Xüsusilə də etnik müxtəliflik bu həssaslığı daim öndə saxlayıb.

 

Məhz bu baxımdan ötən ay 2009-cu ildən sonra ikinci dəfə Azərbaycanda parlament “Din etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişikliklər etdi.

 

Qanuna ümumilikdə 19 dəyişiklik edildi. Qanunun yeddinci maddəsinə təklif olunan əlavədə qeyd edilib ki, Azərbaycanda fəaliyyət göstərən müsəlman dini strukturları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər. Qeyri-müsəlman dini qurumları isə öz hesabatlarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər. Qanuna təklif edilən dəyişikliklərə əsasən, dini qurumlar fəaliyyətlərini yalnız dövlət qeydiyyatı üçün təqdim edilən sənəddə hüquqi ünvan kimi göstərilən ibadət yerlərində həyata keçirə bilərlər. Bu dini qurumlar dini mərkəz və ya idarə onlara din xadimi təyin etdikdən sonra fəaliyyətə başlaya bilərlər. Burada göstərilir ki, dini icmalarda dəyişikliklər haqqında informasiya alındığı təqdirdə, dini mərkəz və ya idarə müvafiq icra hakimiyyəti orqanını dini icmaların təsisçilərinin tərkibinin dəyişməsi və ya icmanın ləğvi haqqında məlumatlandırmalıdır. Dəyişikliklərə əsasən, dini təyinatlı bina və dövlət mülkiyyətində olan digər əmlak dini qurumlara pulsuz istifadəyə verilə bilər.

 

Bu qanunun qəbulundan sonra Azərbaycanda xeyli diskussiyalar yarandı. Ümumiyyətlə, əksər ziyalılar, hətta deputatlar Azərbaycanda dini təşkilatlanmanın artmasına ehtiyac olmadığını dedilər. Əgər Azərbaycanda azad ibadət üçün şərait varsa, vicdan azadlığı hökm sürürsə, dini təşkilatlanmaya nə ehtiyac var? Hansı məqsəd üçün təşkilatlanırlar? Bütün bu suallar həmin əksəriyyət tərəfindən verildi.

 

Yeri gəlmişkən, bu günlərdə hökumətin açıqladığı son hesabatda dini qurumlarla bağlı vəziyyətdə də açıqlanıb. Bildirilir ki, Azərbaycanda indiyədək dövlət qeydiyyatından keçmiş 576 dini qurumdan 555-i İslam, 21-i qeyri-islam təmayüllüdür. Qeyri-islam təmayüllülərdən 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmadır. Qeydiyyat üçün sənədlərini təqdim etmiş dini icmaların təsisçilərinin tərkibi araşdırılıb, təsisçiliyi qanuna zidd olan şəxslərin dini icmalardan uzaqlaşdırılması təmin edilib. Təqdim etdiyi sənədlərin qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə 27 icma qeydiyyata alınmayıb.

 

Əslində bu mövzu nəinki Azərbaycan üçün, elə bəşəriyyət durduqca mübahisə doğuracaq. Çünki etiqad həmişə insanın həyat mənbəyi olub. İnsan özü isə hələ də öyrənilməmiş sirdir.

 

Mübariz Aslanov,

APA İnformasiya Agentliyi

 

Qeyd: Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim etmək üçün dərc olunur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075
avatar

Mübariz Aslanov

Oxşar yazılar