“Bəzi saytlar Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işinin başlanılması barədə xəbəri Səlim Müslümovun kadrlarının həbs olunması kimi təqdim edib”. Lent.az-ın məlumatına görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev öz “facebook” səhifəsində yazıb. O qeyd edib ki, xəbəri bu cür təqdim edənlər yanılırlar: “Baş verən qanunsuzluqlar barədə məlumatları elə nazirlik özü hüquq-mühafizə orqanlarına təqdim edib. Bir neçə rayonda da araşdırma gedir və nəticələrindən asılı olaraq qərar veriləcək”.
E. Babayev onu da qeyd edib ki, bundan sonra da bu sahədə şəffaflığın təmini üçün mübarizə davam edəcək: “Görünür, sadəcə bəzi jurnalistlər mətbuatı izləməyi unudub”.