Bir hamamın sirri - REPORTAJ
13 yanvar 2014 14:55 (UTC +04:00)

Bir hamamın sirri - REPORTAJ

Bura “Hündür günbəzli hamam”, “Bəkir hamam”, “Çuxur hamam” da deyilir. Hətta “bir şama qızan hamam” da. Elə bu da təsadüfi deyil. Ona görə ki, bu hamam həqiqətən də cüzi yanacaqla qıza bilirmiş.

 

 

“Hamam XIX əsrdə tikilib. Adı el arasında müxtəlif cür adlansa da, əsl adı “Hündür günbəzli hamam”dı. Hamamın memarı bizə məlum deyil. Azərbaycanda belə hamam Gəncədədi, bir də Qubada. Ola bilsin ki, hər iki hamamın memarı eyni adam olub. Hamam böyük və kiçik olmaqla iki tağdan ibarətdi. Tikintisində bişmiş kərpicdən istifadə olunub. Altı pəncərəsi, iki qapısı, geniş salonu olub. Hamamın istilik sistemi ancaq odunla işləyib. Ayrı-ayrı otaqları var ki, bura bəylər üçün nəzərdə tutulubmuş. İnsanların gözləməsi üçün gözləmə zalı belə olub. Keçən əsrin 70-ci illərində hamam fəaliyyətini dayandırıb. Hazırda hamamın bərpaya ehtiyacı var. Külli-miqdarda vəsait tələb olunur”. Bu sözləri Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin baş məsləhətçisi Söhrab Əmrahov deyib.

 

 

Dağılmış pillələrlə enib hamama giririk. Ətrafı ədəb-ərkanla dəmir hasarlara alınan uçuq-sökük hamamın içi zibillə doludur. Divarlarda da cavanların bir-birinə yazdıqları ismarıclar. Hamamın tam mərkəzində balaca hovuz var. Bu hovuzda vaxtilə fəvvarə olub. Kənarlarında da kiçik otaqlar. Lap kənarda isə çox da dərin olmayan böyük hovuz.. Tarixi abidənin indiki görünüşü hamamdan çox ayaqyolunu xatırladır.

 

 

 

- Son illər istifadə olunmadığına görə,  gördüyünüz vəziyyətə düşüb. İş adamları var ki, hamamı təmir etmək istəyirlər. Lakin 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə  bura yerli  əhəmiyyətli tarixi abidələr siyahısına salınıb, hamamın bərpa işləri Elmlər Akademiyasının mütəxəssisləri və Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin razılığı ilə aparılmalıdır. Quba Mədəniyyət və Turizm şöbəsi ötən ilin dekabr ayında hamamın təmiri ilə bağlı müvafiq qurumlara müraciət edib. Dekabr ayından əvvəl də müraciət etmişdik. Dövlət proqramına da salınıb. Yaxın günlərdə hamamın təmiri ilə bağlı cavab veriləcəyinə ümid edirik. Bunu da Söhrab müəllim deyir. Dediyinə görə, tarixi abidə təmir olunduqdan sonra daha hamam kimi fəaliyyət göstərməyəcək.

 

- Hamam təmir olunandan sonra veriləcək yerli sənətkarlara. Dulusçular, xalçaçılar burda əl işlərindən ibarət sərgi təşkil edə biləcəklər. Turistlər gəlib həm tarixi abidəylə tanış olacaqlar, həm də sənətkarlıq nümunələri ala biləcəklər.

 

 

Tarixi abidə haqqında daha çox məlumat əldə etmək üçün hamamın qonşuluğunda yaşayan insanlarla görüşürük. 57 yaşlı Quba sakini Əliyar dayı sonuncu dəfə bu hamamda uşaq vaxtı çimib.

 

- Mənim bildiyim qədər hamamı Məşədi Əlimərdandan sonra Həmzə kişi işlədib. Artıq ikisi də rəhmətə gediblər. Sonuncu dəfə burda çiməndə on-on iki yaşım vardı. Altmışıncı ilin ortaları olardı. Elə gözəl hamam idi ki... Təsəvvür edin ki, hamamda yerimək olmurdu. Döşəmə o qədər isti olurdu ki, adamın ayağını yandırırdı. Bütün qubalılar burda çimirdilər.

 

Əliyar dayının dediyinə görə, hamamın döşəməsində arxlar da olub.

 

- Arxlar vasitəsilə yerin altında dövr edən qaynaq su, buxar hamamın döşəməsini qızdırıb. Bu səbəbdən də, az yanacaqla yüksək istilik əldə edilib. Biz uşaq idik, deyirdilər ki, bir eşşək yükünə hamamı bir həftə isti saxlamaq mümkün imiş. Hamamın tikintisində sementdən istifadə olunmayıb. Yumurta ağıyla palçıq hazırlanıb, tikilib. Ona görə də,
hamamın divarları istini özündə saxlaya bilib. Yay, qış burda eyni temperatur olub. Bu cür hamam Azərbaycan üç dənə imiş. Gəncədə, Şamaxıda və Qubada. Üçünün də proyekti eynidi. Hamamın ilk sahibi Bəkir olub. Gördüyünüz bu yerlərin hamısı onun olub. İndi onlardan kimsə qalmayıb burda. Evlərini satıb köçüblər başqa-başqa yerlərə. Deyilənə görə, Bəkirgilin nəslində hamamın onlara aid olduğu haqqında mülk kağızı da var. O nəsildən Tərlan qalıb. Amma bilmirəm harada yaşayır. Məşədi İbad rolunu oynayan aktyor Əliağa Ağayev də bu hamamda çimib. Mən bunun şahidiyəm. Gəldi, baxdı hamama, dedi ki, bu hamam mənə Məşədi İbadı xatırlatdı.

 

 

Qubada olduğumuz müddətdə onu da öyrəndik ki, yaşayış evlərinin tam mərkəzində olan tarixi abidəni bir neçə il bundan əvvəl bar kimi istifadə etmək istəyiblər. Musiqinin və əyləncənin səs-küyündən narahat olan camaat etiraz edib. Quba sakini deyir ki, sovet dövründə bir şəxs hamamın ətrafını hasarlayır. Hamamın kürəbəndi (kürəbənd-qədim su və kanalizasiya sistemidir. Bu şəbəkə elə qurulub ki, çirkab su, üstü sal daşlarla örtülü səliqə ilə hörülmüş borularla öz axarı ilə üzüaşağı yönəldilir) də, onun hasarları daxilində qalıb. Həmin şəxsin həyətində apardığı təmir işlərindən sonra hamamın kanalizasiya sistemində problemlər yaranıb. Yerin altıyla birbaşa Qudyalçaya tökülən kanalizasiya suları çaya tökülməz əvəzinə geri qayıdır. Bundan sonra bu sistemi bərpa edə bilməyiblər.

 

68 yaşlı Zəkəriyyə Novruzov da hamamın vəziyyətindən narahatdı.

 

- Tariximizi qorumaq gərəkdi. Yadıma gəlir ki, beşmərtəbənin yerində qədim hamam vardı. Oranı uçurub betonladılar, yerində beş mərtəbə tikdilər. Tariximizi beləcə məhv edirlər. Bu, düzgün deyil.  Bu hamam da bizim tariximizdi. Amma sahib çıxan yoxdu. Vaxtıyla işləyib bu hamam. İndi bərbad gündədi. Sökülüb, dağılıb. Bir dəfə belə görməmişəm ki, kimsə gəlib buranı təmizləyə. İçinə girib baxın. Baxan yoxdu, qızım. Hamamın əməlli-başlı bərpaya ehtiyacı var. Neçə illərdi eləmirlər. Bəlkə Bəkir kişinin nəvələri, nəticələri gələ, təmir edələr.

 

 

Zəkəriyyə dayı deyir ki,  sonuncu dəfə burda 50 il qabaq çimib.

 

- Neçə yaşım vardı yadımda deyil. Gözəl hamamıydı. Sonra gəldilər təmir adıyla nə elədilərsə, hamamın kanalizasiya sistemini pozdular. Ümumiyyətlə, Qubanın yeni çəkilən kanalizasiya sistemində ciddi problemlər var.

 

Bu söhbətdən sonra Bəkir kişinin nəslindən bir nəfəri tapmaq istədik. Lakin cəhdlərimiz boşa çıxdı. Bir şama isinən hamamın sahiblərindən bir nəfəri tapsaz, mütləq bizə də xəbər eləyin. Həm də...

Həm də bəlkə onlar bu hamama yiyə durdular.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2318
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar