Azərsu Açıq Səhmdar Cəmiyyəti bölgələrdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini davam etdirir.
Qurumun mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Biləsuvarın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb.
Biləsuvara içməli su hazırda inşa edilən Şirvan-Muğan kəmərindən veriləcək. Rayonun fasiləsiz olaraq içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarı tikilir. 54,8 km magistral su xəttinin 30,3 km-lik hissəsi çəkilib. İçməli su şəbəkəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Ümumi uzunluğu 110 km olan şəhərdaxili su şəbəkəsinin 106 km-lik hissəsi çəkilib. Rayonda ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə inşa olunan 9,5 km uzunluğunda kanalizasiya kollektorunun 8,8 km-lik hissəsi çəkilib, 76,8 km kanalizasiya şəbəkəsi yaradılıb. Toplanacaq tullantı suları yeni tikiləcək sutəmizləyici qurğuda təmizlənəcək.
Smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyə qədər 5600 abunəçinin 2420-i sayğacla təmin olunub. Hazırda içməli su Əzizbəyov adına kanaldan qrafik əsasında verilir. 2035-ci ilə qədər 26,2 min nəfərin içməli su ilə və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. İşlərin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur və 23 kəndə içməli su veriləcək.