Bakı Şəhər Baytarlıq İdarəsinin həkimləri ictimai iaşə obyektlərində, kolbasa məmulatları sexlərində, baytarlıq obyektlərində yenidən yoxlamalara başlayıblar.
Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov APA-ya açıqlamasında deyib ki, bu gün bununla bağlı əmr imzalanıb və idarənin həkimləri şəhərdəki obyektlərə ezam olunublar.
A. Aslanov bildirib ki, yoxlama zamanı ictimai iaşə obyektlərində, kolbasa məmulatları sexlərində istifadə olunan ətlərin mənşəyi araşdırılır: “Bundan öncəki əmr imzalanan gündən onsuz da, gücləndirilmiş iş rejimi ilə işləyirdik. Bu gün verilən əmrdən sonra da gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk, yenidən əməkdaşlarımız bütün şəhər üzrə ezam olunublar”.
İdarə rəisi onu da əlavə edib ki, emal müəssisələrinə, kolbasa sexlərinə və digər obyektlərə sümükdən ayrılmış ətin qəbul olunmaması barədə göstəriş verilib: “Hazırda reydlərimiz davam edir, hələ ki, neqativ hal aşkar olunmayıb”.