Layihə: “Olanlar”
B.Kərimov konvoyun qabağına düşərək, "güllələnməyə" gedirdi. Onu həmin məqamda təəssüfləndirən, təpədən-dırnağacan yandırıb-tökən bir şey vardısa, o da ömrünün bu cür tamamlanmağından daha çox son anda ailəsi, canından artıq sevdiyi övladları ilə görüşüb-vidalaşa bilməməsi idi...
Bayraməli kişi Şəki rayonunun Sarıca elində adla tanınan, öz hörməti-nüfuzu olan sadə bir adam idi. Təhsili natamam-orta olsa da, adicə traktorçu, kombaynçı işləsə də, yeri düşəndə müdirlərlə, aqronomlarla, zootexniklərlə “kəllə-kəlləyə” gəlməyi bacarırdı. Öz duzlu-məzəli söz-söhbəti, yumoru ilə çox məclislərin yaraşığı idi. Cüssəsinə görə də, sözünə-söhbətinə görə də qabağına hələm-hələm duran oğul tapılmazdı. Ancaq bir dəfə...
...60-cı illərin əvvəllərində (N.Xruşşov dövrü) qıtlıq olduğundan camaat əlacsız qalıb, dənin-unun gözünə qarğıdalı dəni də qatırdı. Bu, sarıcalılar üçün ikiqat-beşqat dözülməz idi. Doğrudan da, axı, bütün Qafqazda ən iri taxılçılıq təsərrüfatı olan böyük bir sovxozun əhalisinin buğda üzünə həsrət qalması bağışlanası hal deyildi. Odur ki, növbəti taxıl mövsümünə ciddi hazırlıq gedirdi - kimisi biçindən sonra zəmidə yerə düşmüş sünbülləri son dənəsinə kimi toplamağa, kimi fürsət tapıb kombaynlardan, taxıl daşıyan maşınlardan bir-iki kisə buğda “xəlvətləməyə”, rayon və sovxoz rəhbərliyi isə bunun qarşısını almağa, taxılın daha çox anbara daşınmasına, oradan... özləri çırpışdırmağa çalışırdılar.
Bayraməli kişi gözüaçıq adam idi. Yaşadığı sovxozda və ətraf kəndlərdə kimin nə ilə nəfəs aldığını, nə qoyub, nə çırpışdırdığını yaxşı bilirdi. Cəsarətli, qorxmaz olduğundan hər kəsin, xüsusilə “nəçənnik”lərin nöqsanlarını şax, birbaşa üzlərinə deyirdi. “Əhmədov”ların, “İsmayılov”ların onu ikrahla sadəcə “Bayraməli” çağırmamaları üçün və məhz onların acığına özünün hər yerdə vəzifə sahibi kimi soyadı ilə - “yoldaş Kərimov” çağırılmasını tələb edirdi. Elə-belə də çırpırdı vəzifə adamlarının sifətinə:
- Sizlər “yoldaş Əhmədov”, “yoldaş İsmayılov” ola bilirsiz, mən “yoldaş Kərimov” ola bilmirəm? Bərabərlik deyil? Sizin məndən nəyiniz artıqdır ki?
Və tez də “şərtini kəsərək”, əlavə edərdi: “Yox, savadı, təhsili qoyun bir qırağa...”
Nə isə... Müdiriyyət “yoldaş Kərimov”un əlindən rezin çeynəyirdi və onu “ilişdirmək” üçün kiçik bir fürsət, girəvə axtarırdı. Bayraməli kişi bunu hiss etsə də, özünü o yerə qoymurdu: “məni taxıla görə ilişdirməyə çalışmayın. Mən köynəyimin cibində evimə bir ovuc buğda aparıramsa, siz anbardan maşın-maşın oğurlayırsız. Mənə üç il - beş il iş düşərsə, sizinki ya qəbirlikdi, ya da Sibirlik!”
Odur ki, rəhbərlik Bayraməli kişidən boğaza yığılsa da, paxırları açılmasın deyə ondan gen dolanmağa çalışırdı.
***
...Gecənin bir yarısı iki milis işçisi Bayraməli kişini yuxudan qaldırıb, sovxoz idarəsinə apardı. Ora yığışmış 5-6 nəfər hampa onu rişxəndlə qarşıladı:
- Hə, yoldaş Kərimov, axır ki ələ keçdin! Bəs deyirdin ki, guya ovuc-ovuc daşıyırsan buğdanı, biz isə - maşınlarla. Sənin ki evinin damından ən azı yarım ton buğda tapılıb. 300 kq da bu gecə kombaynla gətirmisən... Daha bundan sonra “yoldaş Kərimov” yox, “vətəndaş Kərimov” olacaqsan.
Bayraməli kişi eyhamı başa düşdü. Odur ki, halını pozmadan, orda-burda söhbətlərdən eşitdiklərini yada salıb, dilləndi:
- Sizin kimilərlə yoldaş olmaqdansa, elə vətəndaş olmaq daha sərfəlidir. Bir də ki, yol daşı olmaq nəyə lazımdır ki? Vətən daşı olmaq yaxşıdır...
Bayraməli kişi kinayəsindən-sancmağından qalmasa da, yaman yerdə ilişdiyini anlayırdı. Açıq-aşkar səhvə yol vermişdi: arvad-uşağının biçini qurtarmış zəmidən gecə-gündüz, qızmar günün altında, min zəhmətlə dənə-dənə topladığı kisə-kisə sünbülləri tələm-tələsik döydürüb çardağa yığmışdı. Ancaq İndi gəl sübut elə ki, bu, oğurluq yox, sahədən yığılmış sünbülün buğdasıdır. Tərs kimi də ötən axşam kombaynın boşaltma mexanizmi xarab olduğundan buğdanın hamısını taxıldaşıyan maşına boşalda bilməmişdi. Bunkerin dibində qalan buğdanı gecə oğurlamasınlar deyə kombaynı gətirib həyətində saxlamışdı. Düzü, tamahı güc gəlsə də, buğdaya toxunmamış, yalnız səhərə yaxın ondan bir-iki vedrə “uşaqlar üçün” götürməyi nəzərdə tutmuşdu.
- İncimə, Bayraməli kişi, iş bizlik deyil, qonşuların “donos” yazıblar.
Kərimov tapança kimi açıldı:
- Ayə, kişi olun, ə!.. Qonşularımın adına qara yaxmayın. Onlar sizin kimi nakişilik eləməzlər. Heç olmasa, nakişiliyinizi kişi kimi boynunuza alın...
Deyəsən, iş ciddiləşmişdi. Onu və daha bir neçə “buğda oğrusunu” gecəliyi ilə rayon daxili işlər şöbəsinə apardılar...
Bayraməli kişiyə ağır gələn o idi ki, onu taxıl yığımının ən qızğın çağında “işdən-gücdən eləmişdilər”. Bu yandan da görüşüb-ayrılmadığı balaları üçün burnunun ucu göynəyirdi.
...Bir ay çəkən çək-çevirdən sonra məhkəmə başladı. Oğurluq etmədiyini inadla, dönə-dönə bildirsə də, onu “statya” ilə hədələyirdilər. Son məhkəmədə də (onu qəfil keçirtdiklərindən, Kərimov qohum-qardaşa xəbər göndərə bilməmişdi) günahsız olduğunu sübut etməyə çalışsa da, prokuror da, hakim də həm o biri müttəhimlərlə, həm də onunla çox sərt danışırdı. Nəhayət, hökm oxunmağa başlandı:
- Filankəs - 3 il, filankəs - 5 il, filankəs - 7 il...
Öz adının çəkilmədiyini görüb, bir az toxtadı.
- Filankəs - 10 il...
“Sən öləsən, bu nakişilər deyəsən axı yığışıb məndən yaxşı qisas aldılar. Hakim indicə deyəcək ki, 12 il, ya da 15...” - deyə dərdli-dərdli fikirləşdi.
- Filankəs - 12 il, filankəs - 14 il...
Bu dəfə də adını eşitmədikdə, ayağının altından yer qaçdı:
“Yəni bunlar mənə güllələnmə verəcəklər? Bu alçaqlar mənim ölümüm üçün bu qədər pul basıblar?” Və nəhayət: “Kərimov Bayraməli... bəraət verilsin” sözləri eşidildi.
Onu soyuq tər basdı: “Evim yıxıldı! Yazıq balalarım!..” Ani fikri ilə özünü saxlaya bilməyərək qışqırdı: “Bais, Allah sənin evini yıxsın!”
İki konvoy məhbusları qabağına qatıb aparmaq üçün irəli durduqda Bayraməli kişi də ixtiyarsız olaraq “dəstəyə” qoşuldu. Konvoylardan biri tüfəngin qundağı ilə onu kənara itələdi.
- Ayə, hara itələyirsən məni?.. - deyə az qala bütün hayıfını konvoydan almaq istədi.
- Əşi, rədd ol, çıx get xarabana da!
- Elə xarabama gedirəm də...
- Evinizə deyirəm, ey, vətəndaş Kərimov, evinizə!..
- Nə evinizə, ə? Sənin başına at təpib-nədir? Məni evə buraxan var? Hardadır mən bədbəxtdə o xoşbəxtlik? Bəs eşitmədin sudya necə evimi yıxdı? Görmədin, mənə bəraət verdi bu qansızlar...
- Bəraət verilib, çıx get də...
- Ayə, bəraət deyirəm ey sənə ağzımda - güllələnmə!
- Onu sənə hansı qurumsaq dedi?
- Bə...
Kərimov bir şey anlaya bilmədiyindən duruxdu. - Ə, bə bəraət güllələnmə deyil?..
Konvoylar və ətrafdakılar, hətta həbs cəzası alanlar da qəşş eləyərək gülüşdülər.
Məsələni Kərimova izah edəndə sevincdən gözləri yaşardı, bir anlığa nitqi tutuldu, taqətini itirib yerə çömbəldi... Birdən özünə gəlib sevinclə dik yuxarı atıldı. Konvoyun o üzündən-bu üzündən març-murçla öpüb, cibindəki son “üçlük”ləri, “beşlik”ləri onun başına səpib, “səni şadxəbər olasan! Allah balalarını saxlasın!” - deyərək sürətlə məhkəmə zalından çıxdı...
Avtobusla doğma kəndi Sarıcaya gəlib çatanda sürücüyə pul vermək istədikdə gördü ki, cibində... bir qara quruş da qalmayıb - sevincindən olan-qalanını konvoyların təpəsinə səpmişdi.
- Qardaş, gərək bağışlayasan, mənə bəraət verilib, - dedi. Və bir anlıq bu sözdən özü də diksinən kimi olub, sürücüdən soruşdu:
- Heç bilirsən “bəraət” nədir?..
Və uşaq sevincilə maşından yerə atıldı... Yalnız yolun kənarındakı mağazanın yanından keçəndə yadına düşdü ki, uşaqlar üçün rayon mərkəzindən heç bir şirniyyat-zad almayıb. Mağazaya girib, satıcı Məhəmməd kişiyə adı ilə yox, özünə olduğu kimi soyadı ilə müraciət edərək dedi:
- Məmmədəliyev, mənə bir az qaqa-quqa ver, evə əliboş getməyim, pulunu sonra göndərərəm.
- Həmişə evində-eşiyində, yoldaş Kərimov, - deyə satıcı Məhəmməd kişi və kəndçiləri onunla mehribanlıqla görüşüb, gözaydınlığı verdilər.
...Evinə çatmağa bir az qalmış uşaqları qaça-qaça gəlib atalarının boynuna sarıldılar. Yalnız indi Bayraməli kişini möhkəm bir ağlamaq tutdu...
***
Bu hadisədən bir-neçə il sonra “nəçənniklər”in onu yenə də bir bəhanə ilə “ilişdirməməsi” üçün, həm də dolanışıq məqsədilə ailəlikcə Bakıya köçdü. Halal zəhməti ilə külfətini dolandırdı. Ömrünün son 15 ilə qədərini isə, qəribə görünsə də, təbabətə həsr elədi - xalq təbabətinin sirlərinə yiyələnərək, neçə-neçə əlacsız xəstəyə şəfa tapmaqda kömək oldu, “doktor Kərimov” kimi hörmət-nüfuz qazandı. İndi həyatda olmasa da, kəndçiləri, bütün tanıyanlar onu ehtiramla yad edirlər.
Allah sənə rəhmət eləsin, Bayraməli kişi!