Yanvarın 10-da Baş Prokurorluqda 2013-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, ötən il ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan 2013-cü ildə Azərbaycanın prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlərin görülməsini təmin edib. Hesabat dövrü ərzində prokurorluq orqanlarının səyləri dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, həyata keçirilən islahatların yeni məzmunda davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına, mövcud olan çatışmazlıq və mənfi təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.
Əməliyyat müşavirəsində 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili müzakirə olunub. Baş prokurorun birinci müavini Rüstəm Usubovun və baş prokurorun müavini Namiq Əsgərovun çıxışları dinlənilib.