Bakı Ali Neft Məktəbində 8 mart-Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilib. Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, BANM-in professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart-Beynəlxalq qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib.
O, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial və mədəni həyatındakı önəmli rolundan bəhs edərək, onların hal hazırda ölkəmizin dövlət idarəetmə strukturlarında, o cümlədən dövlət müəssisələrində və özəl sektorlarda rəhbər vəzifələrdə çalışdıqlarını qeyd edib. SOCAR-ın Təlim, tədris və sertifikatlaşdırma idarəsinin “Liderlik” maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş BANM-in qadın əməkdaşlarına sertifikatlar təqdim olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva öz çıxışında BANM-də olmağından məmnunluq ifadə edib. A.Sofiyeva Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə yüksək mövqe tutduğunu, onlara kişilərlə bərabər hüquqlar və imkanlar verildiyini qeyd edib.