Azərbaycan paytaxtında yol çöküb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, çökmə Nobel prospekti - 67 ünvanında, Bakı Neftayırma Zavodunun yaxınlığında, şəhər istiqamətində olan hərəkət zolağında qeydə alınıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan MürsəliyevAPA-ya açıqlamasında deyib ki, çökmə səhər saat 8 radələrində qeydə alınıb.
Onun sözlərinə görə, yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, bununla da asfalt-beton örtüyü çöküb.
P. Mürsəliyev deyib ki, “Azəryolservis” ASC və “Azərsu” ASC-nin əməkdaşları hazırda hadisə yerindədir: “Yaranan problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək. Yəqin ki, yolda qazıntı işlər aparılan zaman hərəkət məhdudlaşdırılacaq”.