Ötən gün axşam saatlarında Bakının müxtəlif küçə və prospektlərində tıxac yaranıb. APA TV-nin xəbərinə görə, avtomobillərin sıxlığı daha çox şəhərin mərkəzində, o cümlədən, İstiqlaliyyət, Niyazi, Rəşid Behbudov, Yusif Səfərov, 28 May küçələrində, Neftçilər prospektində qeydə alınıb. Nəcəfqulu Rəfiyev küçəsinin Babək prospekti ilə kəsişməsindən Xocalı prospekti ilə kəsişməsinədək olan hissəsində isə tıxac daha ciddi olub. Müxtəlif vaxtlarda küçədə hərəkət tam dayanıb.
Tıxacın səbəbi məlum olmasa da, Nəcəfqulu Rəfiyev küçəsində kommunal xətlərin çəkilişi zamanı yolun qazılan hissəsinin keyfiyyətsiz şəkildə bərpa olunması da avtomobillərin hərəkətini çətinləşdirir. Xüsusilə, yolun sağ və sol çiynində asfalt örtüyü çökdüyündən sürücülər yolun ortası ilə hərəkət etməyə üstünlük verirlər. Bundan başqa, bəzi sürücülərin qarşı hərəkət zolağına çıxması yolda hərəkətin dayanmasına səbəb olurdu.
Qeyd edək ki, Xocalı prospektinin Fəzail Bayramov küçəsi ilə kəsişməsinə qədər olan hissəsiaparılan yol təmir-bərpa işləri ilə əlaqədar bağlanıb. Bu da həmin ərazidə sıxlığın yaranmasına səbəb olan amillərdəndir.
Bakının ayrı-ayrı küçə və perospektlərində tıxac iki saata yaxın davam edib.