Bakılı bomjun sirli şifrəsi, “Həyat məktəbi” və MLM – REPORTAJ
11 iyul 2013 12:57 (UTC +04:00)

Bakılı bomjun sirli şifrəsi, “Həyat məktəbi” və MLM – REPORTAJ

Bizi görən kimi “xoş gəlmisiz” deyib, yerindən qalxdı. Çoxdandı evinə qonaq gəlmədiyi qocanın üz-gözündəki sevincdən bəlli idi. Qapının ağzında “Axirətdəkilərin ruhların şadlığı və sağlam nəslin yetişməsi üçün “Yallı” ilə şənlənək!” yazılmış lövhəni oxuyub, onun “Həyat məktəbi”nə daxil oluruq. Geyimimizə baxıb deyir: “Mənim pulum yoxdu, ona görə də şalvarım çırıqdı. Ay bala, sizin də pulunuz yoxdu?” .

 

Cavabımızı gözləmədən də əlavə edir: “Cavansız, modayla ayaqlaşmaq lazımdı”, - deyib, kirdən dərisinin rəngi bilinməyən əllərini çirkli üst-başına silib, əlini bizə uzadır: “Sizi mənə Allah göndərib. Gəlin, mənim balalarım”.

 

 

***

 

 

Bayaqdan bəri “ev”, “qapı”, “həyat məktəbi” adlandırdığımız yerlərdən danışırıq. Əslində nə ev var, nə qapı, nə də həyat məktəbi. Bunlar hamısı Əhməd dayının təxəyyülüdü. Əslində Əhməd dayı sadəcə özünün ərsəyə gətirdiyi qazmada yaşayır, həyat üçün təhlükəli olsa da... Özü də sevimli itləri ilə birgə...

 

Burada onun öz qanunları, qaydaları işləyir: onun özünün avtobus dayanacağı, piyada keçidi var, svetoforu var. Qışda köpəkləri ilə birgə qazmada qalır, yayda həyətdə  düzəldiyi taxtda yatır.  Şərti qapı və qapıya qədər uzanan döşəmədən keçib “Həyat məktəbi” nə daxil oluruq....

 

- Mənim əkiz qardaşım da olub. Amma əkiz tayım doğuşdan sonra ölüb. Anam on uşaq dünyaya gətirib, sonradan ikisi rəhmətə gedib. Səkkiz uşaq böyüdən rəhmətlik anam Tükəzban “Qəhrəman ana” adı da alıb.

... 62-ci ildə Politexnikə qəbul oldum. 63-cü ilin yayında bizi institutdan Qazaxıstana daş karxanasında təcrübə keçməyə apardılar. İkinci kursda oxuyanda məni əsgərliyə çağırdılar. Belorusiyada idim. Hərbi təlim zamanı məni soyuq vurdu. Bərk xəstələndim. Hərdən qarovula da çıxırdım, amma əsas dəftərxana işinə baxırdım. Daha sonralar rotada mirzə oldum. İkinci ilin sonunda mənə tərifnamə verib, partiya sıralarına qəbul etdilər və göndərdilər Baranoviç şəhərində iki aylıq təcrübə keçməyə. Orda mənim xüsusi emalatxanam vardı. Noyabrda təxris olundum.

 

 

***

 

 

- Həmin ərəfədə elan olundu ki, kim bir institut bitiribsə, ikinci təhsili də ala bilər. Öyrəndim ki, Azərbaycan Pedaqoji İnstitutuna iki dəfə imtahan verməklə “Psixologiya və pedaqogika” fakültəsinin üçüncü kursa qəbul olmaq olar. Mən də hazırlaşdım, sənədlərimi verdim. ASXİ (Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası), İqtisadiyyat Universiteti, Politexnik İnstitutunun məzunlarından otuz beş nəfərlik iki qrup təşkil olundu. Sonra uşaqların hamısı dağıldı, iki nəfər qaldıq. Sumqayıtdan olan oğlan da gəlmədi, bir tək mən 76-cı ildə ikinci diplomumu aldım.  O zaman mən Kimya kombinatında fəhlə işləyirdim. Sumqayıtda 27 saylı məktəbdə, 44 saylı peşə məktəbində müəllim işləmişəm. Direktor müavini belə olmuşam. Bura gəlməsəydim, Allah bilir harada olardım.

 

- 106 manat pensiya alıram. Ömrüm boyu işləmişəm. Amma mənə az verirlər. Kommunal xərclərim yoxdu. Bir canım var, onu da bir təhər dolandırıram. Həyətimdə hər şey əkmişəm. Özüm əkib, özüm biçirəm. Hərdən elmi məqalələr də yazıram. Məsələn, “Novosti” qəzetində “Ekoloq s bolşoy bukvoy” adlı məqaləm də çıxıb.

 

 

 

***

 

- 78-ci ildən Sumqayıt İcraiyyə Komitəsinin nəzdindəki tikinti tdarəsində nəzarətçi mühəndis işləməyə başladım. On il orda işləyəndən sonra pulumu kassada yığdım və həmin pula kooperativ tikinti idarəsindən ev verdilər. Sumqayıtda, on üçüncü mikrorayonda üç otaqlı mənzil aldım. 2007-ci ildə yoldaşımla qardaşı necə düzüb qoşdularsa, guya ev yoldaşımın atasından qalma mülkiyyətidir. Yoldaşımla boşanmamışam.

 

 

***

 

 

İnstitut illərini az qala günbəgün xatırlayıb, əsgərlik xatirələrindən danışan Əhməd dayı bir məqamdan həmişə qaçdı;  hər dəfə ailəsindən söz düşəndə söhbəti dəyişib yenə institut illərinə gətirdi.

Əhməd dayı evində bir şüar da asıb: “Ciddi ailələri artıraq”...

 

 - Anam rəhmətə gedəndə vəsiyyət edib ki, mənim başımı bağlasınlar. Qardaşımın arvadının xalası qızı ilə nişanlandım. Pedaqoji İnstitutunun axırıncı kursunda oxuyurdu. 78-in noyabrında nişanı qaytardılar. Mənə dedi ki, mən ailəmdən uzaqda qala bilmərəm. Evin tək qızıydı. Onlar Mingəçevirdə yaşayırdılar. Bakıda yaşamaq istəmədi. 78-in axır ayında bacımı dayım oğluna ərə verdilər. Onun toyuna kəndə gedəndə qardaşımın “Volqa”sıyla  onu  qaçırdıq. Dörd uşağımız oldu. Biri tələf oldu. İndi iki oğlum, bir qızım var: Osman, Sevil, Rəşad. Üçü də ailə qurublar. Yoldaşım indi 27 saylı Mənzil İstismar Sahəsində işləyir. 2010-cu il fevral ayında kiçik oğlum gəlib məni tapdı. Çəpərin o üzündə o ağladı, bu üzündə mən. Dedim ki, ay bala, Allah bizi bu günə qoyana lənət eləsin!”. Mənə dərman verdilər, bu günə düşdüm. Elə o vaxtdan da çöllərdəyəm. Böyük oğlumla yaşamağı təklif etdilər, getmədim. Lənkəranın havası mənə düşmür. Orda sümüklərim sızıldayır.

 

 

 

Gələcəyimizi sağlam görmək istəyən “Həyat Məktəbi”nin qurucusu ağacın budağına yığdığı dəftərlərindən birini götürüb bizi məktəbə qeydiyyata aldı; soyadımız, adımız, atamızın adı, təvəllüdümüz, ünvanımız. Maraqlısı odur ki, Əhməd dayı bizə şifrə belə verdi:

 

 

- Mustafayeva Ləman Mustafa qızı. Buradan belə kod alınır - MLM. “M” əlifbada on doqquzcu, “L” isə on səkkizinci hərflərdi. Deməli, şifrə belə olacaq: 19-18-19. Şifrəni heç vaxt unutma, qızım!

 

- Əhməd dayı, bizi qeydiyyata da aldınız, indi də bizə məktəbdən danış. Nədir bu “Həyat məktəbi”?

 

-  Mən tanrının töhfəsini nəzərə almışam. Sən Allahla ol, o sənin işini həmişə avand edəcək. Tanrının bizdən istəyi nədir? Allah deyir ki, ey mənim əzizlərim, mən səni yaratdım ki, sən adamdan insanlığa qədər təkminləşəsən və xalqına sədaqətlə xidmət edəsən”. “Həyat məktəbi”nin təşkili yüksək ideyalara əsaslanır. Mövzumuz-məsələlərin (fərdi və ictimai qaydada) həllidir. Bizim məktəbə üzv olmaq istəyənlər baş hərflərinin şifrəsi üzrə ərizə forması doldurub, məktəbin fəaliyyət mexanizmindən tanış olduğunu bildirəndən sonra məktəbə qəbul olunacaq. Fəaliyyət mexanizmi nədi? Sağımda cavan, solumda yaşlı, ortada da özüm olacağam. Hər kəs əlifba sırası üzrə verilən şifrəsi ilə düzüləcək. Toplantıda səkkiz guşəli bu dairənin hər guşəsində bir nəfər oturacaq. Toplantılar ancaq bazar günləri keçiriləcək. Hamımız danışacağıq. İnsan danışanda kim olduğu bilinir. Hava, od, su, torpaq və sən. Bir nəfər də tapsan, olursan beş nəfər. Bəylər beş nəfər, xanımlar beş nəfər. Sonra bunları görüşdürüb tanış edəcəyik. Burda qohumluq keçmir. Gələcək ciddi ailələrdə nə talassemiya xəstəliyi olacaq, nə hemofiliya, nə də uşaq şikəstliyi. Bütün uşaqlar sağlam doğulacaq. Əlifbadakı hərflərin dördünün  sıra nömrəsini bilmək lazımdı. Bu nədi? Məsələn, “A” hərfi əlifbada birincidir, demək sıra nömrəsi “1”-di, “B”- “2”-di. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət himnini bilməlisən. “Səndən ötrü can verməyə cümlə hazıram”. Əgər belə hazırsansa, niyə yoldaşının çatışmayan cəhətini üzünə vurmamalısan? Onu olduğu kimi qəbul etməlisən. Oyuncaq ailələrdən canını qurtarmalıyıq. Bizdə boşanma olmayacaq. Hamı nikbin, başı aşağı ailəsi ilə məşğul olacaq. Bundan yaxşı nə olar? Milli, mənəvi dəyərləri ləyaqətlə qorumaq, sağlam nəsil yetişdirmək və ruhları şadlandırmaq. Toplantının sonunda çay dəsgahı olacaq. Məktəbimizə qəbul olmaq üçün lazım olan sənədlər bunlardı: ərizə, sağlamlıq haqqında arayış, məşğuliyyət barəsində arayış. Məktəbimizi bitirən insanların işi getdiyi hər yerdə məktəbimizi təbliğ etməkdi. Ciddi ailələr və sağlam nəsil artırmalıyıq!

 

 

 

Buralarda çoxunun “dəli” adlandırdığı iki diplomlu Əhməd dayı qapısının ağzında səliqə ilə düzülmüş karton qutuları göstərib deyir:

 

- Gördüyünüz bu qutuları zibillərdən ayırıb bir kənara qoyuram. A bala, zibil zibilə qarışır, qutudan yerə daşır. Zibil maşını gələndə qutuları zibillərin üstünə qoyuram aparır. Başım sizə qarışdı deyə bu dəfə ata bilmədim, qapımın ağzında qaldı. Canınız sağ olsun, sabah ataram”.

 

Bunu deyib ayağa qalxır. Qabar bağlamış barmağıyla uzaqdakı binanı göstərdi. Sən demə, Əhməd dayının tələbə yoldaşı Havaxanım bu binada yaşayırmış. Baxdı, baxdı... Kim bilir ürəyindən nələr keçdi. Bəlkə də həmyaşıdı Havaxanım indi rahat evində, nəvələrini oynadır. O isə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2969
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar