Bakıda yeni mərkəz - “Loqos” Nitq İnkişafı və Korreksiyası Mərkəzi fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, yeni mərkəz uşaqlara və yeniyemələrə psixo-pedaqoji yardım göstərir. Mərkəzdə uşaq və yeniyetməllər üçün loqopedik və defektoloji xidmətin geniş spektri təqdim olunur. İlk yaşlarından başlayaraq uşaq və yeniyetmələrə mütəxəssislər tərəfindən psixoloji, pedaqoji və korreksion istiqamətdə məsləhətlər verilir. Təcrübəli və professional defektoloq, loqoped və psixoloqlar uşağın ümumi və nitq inkişafını müayinə edib, qiymətləndirib islah işini tərtib edəcək. Uşaq və yeniyetmələrdə psixoloji gərginlik, aqressiv hallar və özünəinamsızlıq kimi hallar psixoloqlar tərəfindən aradan qaldırılacaq.
Baza ixtisaslı professional loqopedlər uşaqlarda aşkarlanan bütün növ tələffüz qüsurlarını (dislaliya, dizartriya, alaliya) aradan qaldıracaq. Mərkəzdə kəkələmənin müalicəsi və profilaktikası üzrə məşğələlər aparılır. Loqopedik ritmika, qum və musiqi terapiyalardan istifadə edilir.
Mərkəzdə sağlamlıq imkanları məhdud (Daun sindromlu uşaqlar, ilkin uşaq autizmi, əqli cəhətdən geri qalan uşaqlar,psixi inkişafın ləngiməsi, kar və zəifeşidən uşaqlar) uşaqlar üçün də xidmətlər təklif olunur. Bu kateqoriyalı uşaqlara psixo-pedaqoji, loqopedik və müalicəvi idman məşgələləri mütəxəssislər tərəfindən keçirilir. Serebral iflicli uşaqlar üçün professisonal massajist tərəfindən müalicəvi massaj seansları təklif olunur.
Mərkəzdə həm də məktəbəqədər hazırlıq kursları da fəaliyyət göstərir. Məşğələlər Azərbaycan və rus dillərində aparılır.