Bakıda gənc fiziklərin Beynəlxalq Yay Məktəbi başlayıb
01 iyul 2013 13:50 (UTC +04:00)

Bakıda gənc fiziklərin Beynəlxalq Yay Məktəbi başlayıb

Bakıda gənc fiziklərin “ComMat-PV-13” Beynəlxalq Yay Məktəbi öz işinə başlayıb. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasından Lent.az-a verilən məlumata görə, tədbir Avropa Birliyinin PRIMA-ERA layihəsi çərçivəsində təşkil olunub. Yay Məktəbinin əsas məqsədi Azərbaycanın fotovoltaika sahəsində çalışan gənc mütəxəssislərinin region dövlətləri və Avropadan olan gənc alimlərlə birgə dünyanın aparıcı elmi-tədqiqat mərkəzlərinin alimlərinin mühazirələrini dinləmələrinə və onlar ətrafında geniş müzakirələr aparmalarına şərait yaratmaqdır.

 

Yay Məktəbinin açılış mərasimində AMEA-nın prezidenti Akif Əlizadə, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədov, Fransanın Milli Elmi Tədqiqatlar Şurasının Bərpa olunan Enerji mənbələri üzrə Elmi-Tədqiqat İnstitutundan Jean-François Guillemoles və Negar Naghavi, Almaniyanın Material və Enerji üzrə Berlin Helmholtz Mərkəzindən Susan Schorr çıxış ediblər.

 

Beynəlxalq Yay Məktəbində Fransa, Niderland, İngiltərə, Almaniya, Gürcüstan və Azərbaycandan 10 professor mühazirəçı qismində, İtaliya, Almaniya, Fransa, İngiltərə, Meksika, Gürcüstan, Rusiya, Türkiyə, Özbəkistan və Azərbaycandan 43 gənc elmi tədqiqatçı isə dinləyici qismində iştirak edir. Eyni zamanda gənclərin bərpa olunan enerji mənbələri üzrə əldə etdikləri ən son elmi nəticələrini poster çıxışları şəklində təqdim edəcəkləri və çıxışların komissiya tərəfindən qiymətləndirilərək iki ən yaxşı çıxışçı üçün xüsusi mükafatların təqdim edilməsi də nəzərdə tutulub.

 

Beynəlxalq Yay Məktəbinin keçirilməsinə Elmin İnkişafı Fondu da elmi-təşkilati və maliyyə dəstəyi göstərir. Fond gənc alim və mütəxəssislərin elmi fəaliyyətini xüsusi qrant müsabiqələri yolu ilə dəstəkləməklə yanaşı, konfrans, seminar və məktəblərin təşkilində də iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar