Bakıda dəm qazı kabusu: ölənlərin sayı artır
23 dekabr 2013 10:49 (UTC +04:00)

Bakıda dəm qazı kabusu: ölənlərin sayı artır

Ayın əvvəlindən 13 nəfər dəm qazından ölüb

 

Dekabrın 20-si və 21-də təcili yardıma müraciət edənlərin sayı artıb. Bu barədə Lent.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, şənbə günü (21 dekabr) 2000-ə yaxın, bazar günü (22 dekabr) 1850 çağırış olub: “Son vaxtlar əsasən təzyiqlə bağlı müraciətlər edilir”.

 

Şənbə və bazar günləri ümumilikdə 44 nəfərin dəm qazı ilə bağlı təcili yardıma müraciət etdiyini bildirən baş həkim qeyd edib ki, onlardan 32 nəfəri xəstəxanaya yerləşdirilib: “17 yaşlı oğlan isə dəm qazının qurbanı olub”.

 

Z. Vahidova qeyd edib ki, dekabrın 1-dən 22-dək 325 nəfər dəm qazından zərər çəkib və onlardan 22 nəfəri xəstəxanaya yerləşdirilib: “Qeyd olunan müddətdə 13 nəfər dəm qazından ölüb, onlardan 6-sı kişi, 7-si qadındır. Onların arasında uşaqlar da var”.

 

Z. Vahidovanın sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə dəm qazından xəsarət alan və ölənlərin sayında xeyli artım müşahidə olunub: “Ötən ilin dekabr ayında 270 nəfər dəm qazı ilə bağlı təcili yardıma müraciət etmişdi, onlardan 5 nəfəri dünyasını dəyişmişdi. Amma bu ilin dekabr ayı hələ bitməsə də, qeyd olunan hadisədən zərər çəkənlərin sayı 300-ü ötüb”.

 

Z. Vahidova bir daha vətəndaşlara müraciət edib: “Vətəndaşlarımız istər mənzillərdə, istərsə də vanna otağında quraşdırılan qaz cihazları ilə bağlı ehtiyatlı olsunlar. Həmin cihazlar mütəxəssislər tərəfindən quraşdırılmalıdır”.

 

Stansiya rəsmisi onu da vurğulayıb ki, dəm qazından zəhərlənmə hadisəsi əsasən Bakının kəndlərində baş verir: “Bu cür hadisələrə daha çox Yasamal rayonunun Alatava qəsəbəsində, Sabunçu rayonunun kəndlərində, Binəqədidə rast gəlinir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 989

Oxşar yazılar