Bakıda bir neçə poliklinika təmir edilib
17 yanvar 2014 16:22 (UTC +04:00)

Bakıda bir neçə poliklinika təmir edilib

Bir sıra səhiyyə müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Paytaxt Bakı və Bakı ətrafı qəsəbələrdə eləcədə, bütün bölgələrdə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində əsaslı təmir və yenidənqurmadan sonra açılan tibb müəssisələri Azərbaycan səhiyyəsinin uğurları sırasındadır. Belə ki, mövcud tibb ocaqlarının təmir olunması, yeni binaların yenidən tikilib istifadəyə verilməsi yerlərdə əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə imkanları bir az da artırır.

İstifadəyə verilən səhiyyə müəssisələrindən biri Səbayel rayonundakı 2 saylı şəhər poliklinikasıdır. 40 min əhaliyə xidmət göstərəcək poliklinikada bütün şöbələr ən müasir tibbi avadanlıqlarla təchiz edilib. Analoji mərasim Nizami rayonundakı 17 saylı uşaq poliklinikasında olub. 200 tibb işçisinin çalışacağı bu poliklinikada balacaların müayinə və müalicəsi, eləcə də onlara keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb. Yenidənqurmadan sonra istifadəyə verilən tibb müəssisələrindən biri də Xətai rayonundakı 7 nömrəli şəhər poliklinikasıdır. Burada fəaliyyət göstərəcək bütün şöbələrdə habelə həkim kabinetləri, əməliyyat zalları və yardımçı otaqlar digər tibb müəssisələri kimi müasir standartlar səviyyəsində təmir olunaraq tibbi cihazlarla təchiz olunub.

Əmircan qəsəbəsindəki 13 saylı Birləşmiş Şəhər xəstəxanası da bu gün öz qapılarını tamam yeni görkəmdə açıb. Tibb ocağının kabinetlərində müasir texnologiyalara əsaslanan cihaz və avadanlıqlar qoyulub.

Pirallahı rayonundakı 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının binası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Xəstəxana iki hissədən-poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda cərrahiyyə, terapiya, uşaq, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcək.

Poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək insanın qəbul edilməsi məqsədilə genişləndirilib. Xəstəxanada biokimyəvi və kliniki laboratoriyalar, kardioloji, stomatoloji, oftalmoloji, cərrahiyyə və lor kabinetləri, USM , retgen və manipulyasiya otaqları lazımı tibbi cihaz və avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verildi. Bu gün açılışı olmuş digər tibb müəssisələrdən biri də 8 saylı Birləşmiş şəhər Xəstəxanasının poliklinika şöbəsidir. Bu poliklinikada tam yüksək standartlara cavab verən tibbi ləvazimat və avadanlıqlarla tam təmin olunub.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası da əsaslı təmir edilərək, müasir avadanlıqla təchiz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 914

Oxşar yazılar