APA TV-də yayımlanan “Sosium” verilişinin budəfəki mövzusu Bakıda nəqliyyat problemi, nəqliyyat sistemində tətbiq olunan yeniliklər olub. Verilişin qonağı olan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bir çox mətləblərə aydınlıq gətirib.Bakıda yeni tikilmiş avtodayanacaqlarda qiymətlərin baha olması ilə bağlı N.Həsənov bildirib ki, yaxın gələcəkdə vəziyyət yaxşılaşacaq: “Biz də qəbul edirik ki, qiymətlər bahadır. Gələcəkdə dayanacaqların sayı artdıqca qiymətlər də ucuzlaşacaq. Həm də dayanacaqları müxtəlif şirkətlər icarə əsasında işlədirlər. Yəni rəqabət yarandıqca qiymət endirimləri də müxtəlif kampaniyalar da olacaq. Həm də qiymətlər çox ucuz olsa bəzi sürücülər bundan istifadə edə, dayanacaqlardan qaraj kimi istifadə edə bilərlər”.
N.Həsənov bildirib ki, Bakıda 100-dən çox dayanacağın layihəsi hazırlanıb, şəhərin əsas giriş-çıxışlarında iri və daha ucuz dayanacaq xidmətindən istifadə etmək də mümkün olacaq: “Biz həm də çalışırıq ki, yeni tikilən binalarda mənzillərin sayı qədər avtomobilin saxlanmasına imkan verən dayanacaqlar olsun. Təəssüf ki, əksər çoxmərtəbəli binalarda belə deyil”.
Bakıda avtobuslarda kart sisteminin tətbiq edilməsi ilə bağlı sual cavab verən mətbuat xidmətinin rəhbəri deyib ki, artıq 100-dən artıq avtobusda müxtəlif avadanlıqlar quraşdırılıb və yaxın vaxtlarda avtobus kartlarının satışına başlanılacaq. Kartın qiyməti isə 1 manat olacaq.
Qeyd edək ki, Bakıda bəzi uzaq məsafələrə gedən avtobuslarda qiymət 40-50 qəpik olduğu halda, qısa məsafələrə gedən sərnişinlər 20 qəpik ödəyirlər. “Sosium”un qonağı olan Nəqliyyat Nazirliyi nümayəndəsi bu məsələ ilə bağlı paytaxt sakinlərinə şad xəbər verə bilməyib. O bildirib ki, istənilən avtobusda kart sistemi müəyyən edilmiş vəsaitin ödənilməsini tələb edir. Yəni məsafədən asılı olmayaraq sərnişin təyin edilmiş məbləği ödəməyə məcbur olacaq.
Bakı sakinlərinə xoşagəlməz xəbər - APA TV
5283