Bakı məktəblərində I sinfə qəbul artıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimatı məktubuna uyğun olaraq aparılıb. Son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2014-2015-ci dərs ilində I sinfə 41946 nəfər şagird qəbul olunub və 1557 sinif açılıb.
Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərə qəbul iyul ayının 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılıb.
“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu prosesinin (elektron ərizələrin qəbulu, bildirişlərin göndərilməsi, cavabların saytda yerləşdirilməsi) www.bakuedu.az saytı vasitəsi ilə aparılması bu tədris ilinin yeniliklərindəndir. Prosesin şəffaflığını artırmaq üçün müsahibə prosesi bütövlükdə video kameralar vasitəsi ilə yazılmışdır. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na uyğun olaraq Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul olunmaq istəyənlərlə keçirilən müsahibədə bu il 3434 nəfər iştirak edib. Müsahibələrdə iştirak edən uşaqların 1893 nəfəri I sinfə qəbul olmuş 1541 nəfəri isə müsahibədən keçə bilməyib.