Bakı Ali Neft Məktəbində “Yataqların işlənməsinin quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi və Böyük Britaniyanın “Confidence Capital” şirkəti ilə birgə təşkil olunduğunu bildirib. O tədbirin məqsədinin Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə etdiyi təcrübənin xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssislər arasında yayılması olduğunu qeyd edib.
Azərbaycanın zəngin neft-qaz hasilatı tarixindən danışan ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
17-19 iyun tarixlərində seminar iştirakçılarına neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr təqdim ediləcək. İyunun 20-də seminar iştirakçıları üçün “Neft daşları” neftqazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaq.