Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində “Gənc mühəndislər klubu” yaradılıb. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
“Gənc mühəndislər klubu” orta məktəblərin 7-11-ci siniflərində oxuyan şagirdlərə gələcəkdə mühəndis ixtisasları üzrə təhsillərini davam etdirmək və karyera uğuru qazanmaq üçün peşəyönümlü biliklər vermək və ixtisas seçimində yardım göstərmək məqsədilə yaradılıb.
“Gənc mühəndislər klubu” Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərəcək və öz işini Bakı Ali Neft Məktəbinin, ARDNŞ-nin İnsan Resursları Departamentinin, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin və digər müəssisə və təşkilatlarının maddi-texniki bazası, informasiya resursları və kadr potensialından istifadə əsasında quracaq.
“Gənc mühəndislər klubu” öz fəaliyyətini müvafiq şəhər və rayon təhsil idarələri və şöbələri, orta məktəblərin, liseylərin və hazırlıq kurslarının hər biri ilə qarşılıqlı əlaqələr yaratmaq yolu ilə həyata keçirməyi planlaşdırır.
“Gənc mühəndislər klubu”nun Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində fəaliyyətinin təşkili ilə bağlı Bakı Ali Neft Məktəbi tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət ünvanlanıb və müvafiq razılıq alınıb.