Bakı Ali Neft Məktəbində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş, 3 bölmədən (“Neft-qaz və kimya mühəndisliyi”, Fizika və riyaziyyat”, İnformasiya və kommunikasiya texnologiyaları”) ibarət 2-ci tələbə elmi-texniki konfransı keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Konfransın plenar iclasını açan rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 2-ci tələbə elmi-texniki konfransının Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürü olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbində cəmi 2 il ərzində təhsil alan tələbələrin elmi işlərə həvəs göstərməsini həm onların yüksək biliklərə malik olması, həm də ali məktəbdə elmi fəaliyyətin dəstəklənməsi ilə əlaqələndirib.
Tədbirdə iştirak edən ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov prezident İlham Əliyevin elm və təhsil problemlərini daim diqqətdə saxladığını, xüsusən gənclərin təhsili və elmi fəaliyyətə cəlb edilməsi ilə bağlı xüsusi proqramların həyata keçirilməsi haqqında çox vacib qərarlar verməsi nəticəsində son illərdə bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu bildirib.
Konfransda AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Neft-kimya prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov çıxış ediblər.