Azərbaycanda aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı konsepsiya sənədi və qanun layihəsi hazırlanıb. Lent.az-ın məlumatına görə, hər iki sənəd keçən il Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) təşəbbüsü ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK) ilə birgə formalaşdırılan və ölkənin tanınmış hüquqşünaslarından ibarət İşçi Qrup tərəfindən hazırlanıb.
AHİM-nin sədri, İşçi Qrupun rəhbəri, vəkil Anar Bağırov bildirib ki, “Ödənişsiz hüquqi yardım haqqında” qanun layihəsində aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının ödənişsiz hüquqi yardıma çıxış imkanları müəyyən olunub. Bağırovun sözlərinə görə, respublikanın 64 rayonundan yalnız 25-də hüquq məsləhətxanaları mövcuddur və ölkə əhalisi üzrə hər 100 000 adama 9 vəkil düşür: “Hüquqi xidmətlərlə məşğul olan vəkillərin əksəriyyəti paytaxtda məskunlaşıb. Regionlarda isə vəziyyət kifayət qədər acınacaqlıdır. Hazırlanmış yeni qanun layihəsində vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, regionlarda vəkil çatışmazlığı probleminin həlli, vətəndaşların hüquq və maraqlarının təmini, yerlərdə ödənişsiz hüquqi yardım göstərəcək qurumların yaradılması ilə bağlı məsələlər əksini tapıb”.
Layihədə qeyd olunur ki, Azərbaycan vətəndaşları ilə bərabər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də dövlət tərəfindən təmin edilən hüquqi yardımdan dövlət idarəetmə orqanlarında və məhkəmələrində yararlana bilərlər. Qanun layihəsinə əsasən, ödənişsiz hüquqi yardımdan cinayət, mülki, inzibati işlər və inzibati hüquqpozmalarla bağlı hüquqi yardıma ehtiyacı olan və bu xidmətin ödənilməsi üçün kifayət qədər vəsaiti olmayan şəxslər yararlana biləcəklər. Layihədə ödənişsiz hüquqi yardımın Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və dövlət tərəfindən təmin edilən hüquqi yardım üzrə Milli Şura və onun ərazi büroları tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
A.Bağırov bildirib ki, layihəyə əsasən, yeni qurumun - Milli Şuranın 7 üzvdən ibarət olacağı, kollegial fəaliyyət göstərəcəyi və dövlət tərəfindən təmin olunan hüquqi yardımın göstərilməsi prosesini idarə edəcəyi nəzərdə tutulmuşdur. Milli Şuranın tərkibi 1-i Ədliyyə Nazirliyi, 3-ü Vəkillər Kollegiyası, 1-i Maliyyə Nazirliyi, 1-i Məhkəmə-Hüquq Şurası, 1-i ictimai birliklər tərəfindən təyin olunan üzvlərdən formalaşacaq. AHİM-in rəhbəri qeyd edib ki, dövlət tərəfindən təmin olunacaq hüquqi yardım ilkin və peşəkar olmaqla iki formada həyata keçiriləcək. İlkin hüquqi yardıma Azərbaycan Respublikasının hüquq sistemi, qüvvədə olan normativ aktlar, hüquq subyektlərinin hüquq və vəzifələri, məhkəmədənkənar və məhkəmə qaydasında hüquqların həyata keçirilməsi və onlardan istifadə olunması üsulları barədə məlumatlandırma, hüquqi məsələlər üzrə məsləhətlərin verilməsi, hüquqi xarakterli sənədlərin hazırlanmasına kömək göstərilməsi və s. daxildir. İlkin hüquqi yardımın göstərilməsi prosesinin idarə edilməsi və bu yardımın keyfiyyəti üzərində nəzarətin təşkili Milli Şura tərəfindən həyata keçiriləcəkdir.
Peşəkar hüquqi yardıma isə vətəndaşlara hüquqi məsləhətlərin verilməsi, cinayət işi, inzibati xətalar, mülki, inzibati və s. işlərlə bağlı cinayət təqibi orqanlarında, məhkəmələrdə, habelə dövlət idarəetmə orqanlarında təmsil edilmə daxildir. Qanun layihəsində aztəminatlı şəxslərə ödənişsiz təcili hüquqi yardımın göstərilməsi ilə bağlı müddəalar da yer alıb. Ərazi bürosu təcili hüquqi yardımın göstərilməsinə ehtiyacı olan şəxsə tutmanı həyata keçirən şəxs və ya orqanın sorğusu əsasında növbətçi vəkil təyin edir. Ərazi bürosu hüquqi yardım göstərən vəkili onun qeydiyyatda olduğu ərazidən başqa digər ərazilərə hüquqi yardımın göstərilməsi üçün göndərə bilər. Layihəyə əsasən hüquqi yardım ictimai vəkil və parayurist tərəfindən göstəriləcək. İctimai vəkil dedikdə, vəkillik fəaliyyətini həyata keçirən, dövlət tərəfindən təmin edilən hüquqi yardımın göstərilməsi üçün ayrılmış xüsusi vəsait hesabına ödənişsiz və ya qismən ödənişli peşəkar hüquqi yardımın göstərilməsi üçün seçilmiş şəxs başa düşülür. Parayursit isə ali hüquq təhsili olan, vəkillik fəaliyyəti ilə məşğul olmayan, xüsusi təlim keçdikdən sonra dövlət tərəfindən təmin edilən hüquqi yardımın göstərilməsi üçün ayrılmış xüsusi vəsait hesabına ilkin hüquqi yardım göstərən şəxsdir. Bir sıra xarici ölkələrdə "parayurist"lər "paraleqal" olaraq adlandırılırlar. "Ödənişsiz hüquqi yardım haqqında" qanun layihəsinin və ona dair konsepsiya sənəd hazırlanıb və hüquq ictimaiyyətinin müzakirəsinə verilib. Hər iki sənədin layihələri ilə bağlı təkliflərin ümumiləşdirilərək cari ildə parlamentin müzakirəsinə təqdim olunması gözlənilir.
Layihə, ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib və sənədlərin beynəlxalq ekspertizası məqsədi ilə İngilis dilinə tərcüməsi həmin təşkilatlar tərəfindən həyata keçirilib. Adı çəkilən sənədlərin AHİM-nin veb-səhifəsindən əldə olunması mümkündür.
Link: http://www.lawreform.az/index.php?module=news&name=view&id=177&lang=az