Rusiya hökuməti 2014-2015-ci tədris ilində Azərbaycan da daxil olmaqla, xarici ölkə vətəndaşlarının Rusiya ali məktəblərində Rusiya dövlət büdcəsi hesabına təhsil alması haqda qərar qəbul edib.
APA-nın Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qərarın icrası Rusiyanın Elm və təhsil nazirliyinə, habelə MDB işləri, xaricdə yaşayan həmvətənlərin və humanitar əməkdaşlıq üzrə Federal Agentliyinə tapşırılıb.
Rusiya hökumətinin qərarına əsasən, abituriyentlər 1-6-dək ali təhsil məktəbi arasında seçim edə və bunu anketdə göstərə bilər. Habelə əsas təhsil proqramları üzrə təhsil alan xarici vətəndaşlara Rusiya federal büdcəsi hesabına təqaüdlər veriləcək, Rusiya vətəndaşları üçün nəzərdə tutulan qaydalar əsasında yataqxanalarda yaşayış sahəsi ayrılacaq.
Əgər abituriyent rus dilini yetərincə bilmirsə, o, ali məktəblərin hazırlıq kurslarında təhsil almaq hüququndan istifadə edə bilər. Daha ətraflı məlumatla Rusiya Elm və təhsil nazirliyinin, habelə “Rossotrudniçestvo” nümayəndəliyinin saytında tanış olmaq olar.