Azərbaycanlı aspirant Parisdə “Dünya Ovarial klubu”nun sayca 3-cü görüşündə iştirak edib.Lent.az-ın verdiyi məlumata görə, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 saylı mamalıq və ginekologiya kafedrasında təhsilini davam etdirən Ülviyyə Qasımova adı çəkilən görüşdə “Autoimmun ooforit: poligandulyar autoimmun sindromun tərkib hissəsi və ya ayrı bir nozologiya” və “Yumurtalıqların funksiyanının vaxtından əvvəl sönməsi diaqnozunun gündəlik ginekoloji praktikadakı əhəmiyyəti” başlıqları altında təqdimatlar edib və həmin klubun üzvlüyünə qəbul olunub: “Hər iki təqdimat konqresdə iştirak edən digər ölkə nümayəndələrinin böyük marağına səbəb oldu. Görüşdə ABŞ, Avstraliya, Kanada, Meksika, Braziliya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland da daxil olmaqla dünyanın 47-dən artıq ölkəsindən həkim və professorlar da iştirak edirdilər”.
Xatırladaq ki, Ü.Qasımova bundan öncə Berlin, eləcə də Dehli şəhərlərində keçirilən beynəlxalq konqreslərdə çıxışlarını və təqdimatlarını edib.
Qeyd edək ki, Ülviyyə Qasımova hazırda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin 1 saylı mamalıq və ginekologiya kafedrasında aspirantura pilləsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alır.