Azərbaycanla Gürcüstan arasında memorandum imzalandı
19 oktyabr 2013 10:20 (UTC +04:00)

Azərbaycanla Gürcüstan arasında memorandum imzalandı

 

Azərbaycan və Gürcüstan arasında “2014-2016-cı illəri əhatə edən tədbirlər planı”na dair memorandum imzalanıb. Gənclər və İdman nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, sənəd Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan Azərbaycan və Gürcüstan gənclərinin “Beynəlxalq festivalı” çərçivəsində hər iki ölkənin rəsmiləri arasında imzalanıb. Sənədə Azərbaycan tərəfindən Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə İdman və Gənclər naziri Levan Kipiani qol çəkib.

 

Nazir müavini İntiqam Babayev qeyd edib ki, sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrində gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq: “Sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili  yeni  tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik”.

 

Memorandumdan sonra Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının rəsmilərlə görüşü keçirilib. Görüş çərçivəsində bir sıra suallar ətrafında müzakirələr aparılıb.  

 

Memorandumun imzalanmasından öncə isə hər iki ölkənin rəsmiləri Azərbaycan və Gürcüstan idmançıları arasında keçirilən yarışları, eyni zamanda milli rəqsləri seyr edib, milli mətbəxin yeməklərindən dadıblar. Tədbir hər iki ölkənin yaradıcı gənclərinin konserti ilə sona yetib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 958
avatar

Oxşar yazılar