Azərbaycandan Rusiyaya gedən və ya əks istiqamətə gələn qatarların Dağıstanda gecə saatlarında hərəkəti bərpa olunacaq.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu məsələ “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Şimali Qafqaz Dəmir Yolu filialının rəisi Vladimir Qoloskokovun Dağıstan prezidenti Ramazan Abdulatipovla görüşündə müzakirə olunub.
Vladimir Qoloskokov deyib ki, hələ də Dağıstanda qatarlar yalnız sutkanın 12 saatı ərzində hərəkət edə bilir. Onun sözlərinə görə, daşınmalı olan yüklərin həcmi və sərnişinlərin sayı artsa da, qatarların gecə hərəkətinə icazə verilməməsi dəmir yolunda işi mürəkkəbləşdirir: “Mən qatarların gecə hərəkətinin bərpa olunması ilə bağlı öz tərəfimdən hüquq-mühafizə orqanları ilə danışıqlar aparacam, sizin də mənimlə həmrəy olmanızı istəyirəm. Hazırda hər gün Azərbaycana 20 qatar gedir, Azərbaycandan Rusiyaya təxminən o qədər. Gecə işləmədiyimiz üçün buraxılış gücümüz yetmir. Biz Dağıstanda qatarların hərəkətinin bütün sutka ərzində bərpa olunmasını istəyirik”.
Ramazan Abdulatipov bu təşəbbüsü dəstəkləyib və qatarların gecə hərəkəti zamanı təhlükəsizliyin qorunacağına təminat verəcəyini bildirib.