“2013-cü ildə Respublikada peyvəndlərlə idarə olunan xəstəliklərdən difteriya, məxmərək xəstəlikləri qeydə alınmayıb”. Lent.az-ın məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyevə bildirib.
O qeyd edib ki, 2012-ci illə müqayisədə tetanus xəstəliyi 2 hadisə, göyöskürək 4,5 dəfə, epidemik parotit 40,4%, skarlatina 6,9% azalıb. İl ərzində 98 qızılca hadisəsi qeydə alınıb. “İlkin vərəm hadisələrinin sayı 1,6% azalıb, eyni zamanda basilyar vərəm hadisələrinin sayı 6,1% artıb. 2013-cü ildə Respublika üzrə ümumi viruslu hepatitlərlə xəstələnmə 2012-ci ilə nisbətən 26,2% azalıb, o cümlədən viruslu hepatit A ilə xəstələnmə 33%, viruslu hepatit B ilə xəstələnmə 20%, viruslu hepatit C ilə xəstələnmə 26,5 azalıb, kəskin bağırsaq infeksiyalarının səviyyəsində də bir qədər azalma müşahidə olunub. Xəstəliklərin azalması həm uşaqlar, həm də böyüklər arasında müşahidə edilib”.
Direktor müavininin sözlərinə görə, ötən il dönərdən zəhərlənmə hadisəsi qeydə alınmayıb: “Dönər hazırlanması və satışı sahələrində keçirilmiş sanitariya müayinələri zamanı sanitariya qaydalarını pozan 82 dönər sahəsinin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib, eyni zamanda 89 dönər sahəsinin sahibkarı inzibati qaydada cərimə olunub, 5 nəfər haqqında materiallar inzibati orqanlara göndərilib”.
A. Əliyeva onu da vurğulayıb ki, təbii qazdan istifadə olunmaqla dönər hazırlanmasının qarşısı tam alınıb, 18 dönər sahəsində toyuq dönərinin hazırlanması və satışı ləğv edilib. Mağazalardan alınma turşulardan zəhərlənmə hadisələri qeydə alınmayıb.