Fevralın 19-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə ədliyyə orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Bildirilib ki, 2013-cü ildə Ədliyyə Nazirliyi tərəfindən respublikada geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilib, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının (huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasının (e-qanun.az) ictimaiyyət üçün açıqlığı təmin edilib, qanunvericilik bazalarına vətəndaşlar tərəfindən 160 minə yaxın başçəkmə olub. Ölkə başçısının dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülüb, o cümlədən nazirliyin rəhbərliyi tərəfindən 9 bölgədən 850-ə qədər vətəndaş qəbul edilərək onların müraciətləri diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə, digərləri isə təxirəsalınmadan araşdırılaraq həll olunub. Respublikanın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün də geniş imkanlar yaradıb, demoqrafik inkişafa ciddi təsir göstərib. Belə ki, 2013-cü ildə notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3,5 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə artım müşahidə olunmuş, doğumun sayı 174 minə, nikahın sayı isə 87 minə çatıb.
Xüsusi notariat institutunun tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilib və artıq ölkədə fəaliyyət göstərən notariat korpusunun yarıdan çoxunu xüsusi notariuslar təşkil edir. Bu sahədə islahatlar həmçinin gənclərin məşğulluğuna öz müsbət təsirini göstərib, yüzlərlə gənc mütəxəssis notariat orqanlarında işlə təmin olunub.
Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam etdirilib, 135 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 138 mətbu nəşr uçota götürülüb. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ü ötüb, KİV-lərin sayı isə 4.900-ə çatıb. Həmçinin, 67,2 milyon manat məbləği əhatə edən 1800-dən çox qrant müqaviləsi qeydiyyata alınıb. Respublikamızda vətəndaş cəmiyyətinin inkişafına verilən diqqətin nəticəsidir ki, ölkəmizin daxilində verilmiş qrantların məbləği xaricdən alınan qrantlardan təxminən iki dəfə çox olub. Eyni zamanda, QHT-lərə dövlət dəstəyinin artırılması üzrə görülən işlər davam olunaraq ölkə başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü ilə tarixli Fərmanına uyğun olaraq "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin yaradılması ilə bağlı zəruri işlər görülmüş və yaxın zamanlarda onun istifadəyə verilməsi planlaşdırılır.