Son zamanlar Azərbaycanda göz qapaqlarının bazal-hüceyrəli xərçənginin (BHX) yayılmasında artım müşahidə olunur.
Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, xəstəlik hər il 0,3-1% artır. Araşdırmalar göstərir ki, qadınlar və kişilər eyni dərəcədə xəstələnə bilər.
Göz qapaqlarının bazal-hüceyrəli xərçəngi (BHX) dəri xərçəngi arasında ən yüksək rast gəlmə tezliyinə malikdir. Onlar nisbətən gec böyümə və nadir halda metastaz verməklə xarakterizə olunurlar. Bu törəmələr epidermis və tük follikullarından əmələ gəlirlər. BHX göz qapaqlarının bədxassəli törəmələri arasında 90% təşkil edir. BHX əsasən alt qapaqlarda (52%), daxili liqamentumda (27%) lokalizasiya olunur. Üst göz qapağında daha az rast gəlinir.
Araşdırmalar göstərir ki, qadınlar və kişilər arasında bu xəstəliyin artmasını bəzi alimlər dünyada əhalinin daha çox qocalıq yaşına çatması ilə əlaqələndirirlər. Lakin Azərbaycan həkimlərinin fikrincə, burada ekoloji vəziyyətin pisləşməsinin böyük rolu var. Klinik təsnifata görə BHX-ın 5 növü var ki, bunlardan ən çox yayılanı düyünlü formadır. Cərrahi müalicə üsulu ən geniş yayılmış üsuludur. Uğurlu nəticənin alınmasının birinci şərti isə törəmənin tam götürülməsidir.