Bu gün Atatürk Mərkəzində ziyalıların, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, Azərbaycan və Gürcüstan ziyalılarının iştirakı ilə “Azərbaycanca-Gürcücə lüğət” adlı kitabı ictimaiyyətə təqdim edilib. Lent.az-ın məlumatına görə, Qənirə Paşayevanın təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ilk olaraq, Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri, deputat, filologiya elmləri doktoru, professor Nizami Cəfərov çıxış edib. O bildirib ki, belə bir sözlüyün nəşr edilməsi Azərbaycan - Gürcüstan xalqları arasında dostluq və mədəni münasibətlərə böyük bir töhfədir. Azərbaycan və gürcü xalqları arasında tarixən qonşuluq münasibətlərinə toxunan natiq qeyd edib ki, bu sözlük Gürcüstanda yaşayan soydaşlarımız üçün gürcü dilini daha yaxşı mənimsəməsində əhəmiyyətli mənbədir.
Qənirə Paşayeva Əli Xəlillinin tərtib etdiyi lüğətin Azərbaycan--Gürcüstan ictimai-mədəni münasibətləri baxımından əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kitabın ən önəmli cəhəti və əhəmiyyəti Gürcüstanda yaşayan soydaşlarımızın Gürcüstan cəmiyyətinə daha yaxşı inteqrasiya edə bilməsi üçün belə bir nəşrdən faydalanması olacaq.
Qənirə Paşayeva qeyd edib ki, sözü gedən nəşrin Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məktəblərə, kitabxanalara, digər elm və təhsil müəssisələrinə pulsuz hədiyyə ediləcək . “Düşünürəm ki, hər kəs özəlliklə də gənclər bu nəşrdən faydalanacaq. Eyni zamanda Azərbaycanda gürcü dilini öyrənmək istəyənlər və Gürcüstanda Azərbaycan dilini öyrənmək istəyənlər, gürcü dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən gürcücəyə tərcümə işi ilə məşğul olanlar üçün vacibdir. Ona görə də nəşr Azərbaycan və Gürcüstanın ali təhsil ocaqlarına, tərcümə mərkəzlərinə, kitabxanalarına, KİV-lərinə hədiyyə ediləcək. Nəşr həmçinin iki ölkənin parlament və hökumət qurumlarının nümayəndələrinə də təqdim ediləcək, daha geniş auditoriyaya təqdim edilməsi üçün nəşrin elektron forması kitabxanalara göndəriləcək”.
Sonda millət vəkili Əli Xəlilliyə və nəşrin hazırlanmasına dəstək olan qurum və şəxslərə təşəkkürünü bildirib. Deputat həmçinin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu adından fürsətdən istifadə edib tədbirdə iştirak edən Gürcüstan səfiri Teymuaz Şaraşenizdeyə son günlər Gürcüstanda baş vermiş sel fəlakətində həyatını itirmiş insanlara görə gürcü xalqına bir daha başsağlığını ifadə edib. T.Şaraşenidze belə bir nəşrin Azərbaycanda nəşr edilməsini yüksək dəyərləndirib. Azərbaycanca-gürcücə lüğətin olduqca vacib olduğunu qeyd edən səfir bunun iki qonşu xalq arasında dil baryerinin ortadan qaldırılmasında önəmli rolunu qeyd edib. Səfir sonda ölkəsi və səfirlik adından nəşrin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib. Milli Məclisin deputatı Əhməd Vəliyev bu cür faydalı nəşrin ortaya çıxmasında əməyi olan hər kəsə təşəkkür edib. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov nəşrin əhəmiyyətini vurğulayaraq, daha geniş auditoriyanın ondan faydalanması üçün kitabın elektron versiyasının virtual kitabxanalarda yayımlanması ilə yanaşı, onun internet məkanında daha da geniş yayılmasının vacibliyini qeyd edib. Sözlüyün tərtibçisi Əli Xəlilli gərgin əməyinin bəhrəsi olan bu kitaba yüksək dəyər verdikləri üçün iştirakçılara öz təşəkkürünü bildirib. Daha sonra çıxış edən digər ziyalılar; QHT Forumunun rəhbəri Rauf Zeyni, tərcüməçi, publisist Anna Bartkulaşvili , “Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu və başqaları bu cür nəşrlərin əhəmiyyətindən söz açıblar.