İstanbulda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutu (UME) arasında Anlaşma Memorandumu imzalanıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, sənədi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oktay Abbasov və Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutunun (UME) direktoru vəzifəsini icra edən Fatih Üstüner imzalayıblar.
Anlaşma Memorandumuna əsasən, hər iki ölkənin müvafiq qurumları metrologiya sahəsində elmi və texniki əməkdaşlığı davam etdirmək məqsədilə bu sahədə normativ-texniki sənədlərin hazırlanması, metrologiya sahəsində elmi-texniki bilik mübadiləsi və elmi-texniki imkanların genişləndirilməsi, fiziki kəmiyyətlərin milli (dövlət) etalonlarının inkişafı, təkmilləşdirilməsi və tutuşdurmaları üzrə layihələrin həyata keçirilməsi və başqa istiqamətlərdə əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin Bakı şəhərində tikilməkdə olan yeni inzibati-laboratoriya binasının tikinti layihəsinin UME tərəfindən metroloji ekspertizasının aparılması ilə bağlı razılıq əldə olunub. Dövlət Metrologiya Xidmətinin nümayəndələri UME-nin etalon laboratoriyaları ilə də yaxından tanış olublar.