"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının iyul 2012 - dekabr 2013-cü il ərzində icrası ilə bağlı iclas keçirilib. Lent.az-ın məlumatına görə, iclasda gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, bir sıra QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.
A. Rəhimov çıxışında bildirib ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramı çərçivəsində Azərbaycan Respublikasının prezidentinin müvafiq fərmanı ilə ölkədə Gənclər Fondu müasir tələblərə uyğun qurulub: "Gənclər üçün prezident mükafatı təsis edilib və 5 fevral 2014-cü ildə keçirilən tədbir zamanı 6 ilk layiqli namizəd mükafatlandırılıb. Gənclər siyasətinin bazasının möhkəmləndirilməsi məqsədilə 23 şəhər və rayonda Gənclər evi və mərkəzi inşa edilib, daha 14-nün inşasına başlanıb. Gənc kadrlarla bağlı məlumat bankları yaradılıb. Bu gün Azərbaycanın inkişafında gənclərin elmə həvəsləndirilməsi vacib rol oynayır".
Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu 2011-ci ildən bəri 1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib: “ Gənc ailələrə qrant layihələrin verilməsi gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb. Ötən il ölkəmizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının üzv ölkələrindən 50-dək gənc kibertəhlükəsizlik mövzusunda model simulyasiya oyunu keçirilib. 2016-cı ildə Gəncə Avropanın Gənclər paytaxtı seçilib. Məlumdur ki, sözügedən proqram gənclər və gənclər təşkilatlarının iştirakı ilə hazırlanıb və onun icrasında gənclər təşkilatları aktiv olaraq qoşulublar".
Nazirin sözlərinə görə, ötən il nazirlik tərəfindən ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirilib.
Daha sonra İ. Babayev deyib ki, Dövlət Proqramı çərçivəsində "Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması" aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib. "Nazirlər Kabinetinin 18 noyabr 2013-cü il tarixli 327 nömrəli qərarı ilə "Yaradıcı gənclərə dövlət dəstəyinin genişləndirilməsi məqsədilə dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları" təsdiq edilib".
Nazir müavini bildirib ki, həmçinin, proqram çərçivəsində ötən il Mingəçevirdə "Gənclər Evi" tikilib istifadəyə verilib: “2015-ci ilin sonuna qədər daha 9 "Gənclər Evi"nin istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda respublikanın 23 rayon və şəhərində "Gənclər Evi" və Mərkəzləri fəaliyyət göstərir”.