Dağlıq rayonlarda minimal temperatur 10-12 dərəcə şaxta təşkil edib
Azərbaycan ərazisində hava şəraitinin qəfil pisləşməsinin səbəbi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktoru Umayra Tağıyevanın Lent.az-a verdiyi məlumata görə, əvvəlcədən də gözlənildiyi kimi, dekabrın 3-də Rusiyadan hərəkət edən iki soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində hava şəraiti qısa müddətə dəyişib: “Bir sıra rayonlarda şimal-qərb küləyi şiddətləndi, küləyin maksimal sürəti Mingəçevirdə 35 m/san, Tərtərdə 33 m/san, Zərdabda 32 m/san, Bərdə və Naftalanda 30 m/san, Ceyrançöldə və Göyçayda 28 m/san, Gəncədə 24 m/san, digər Kür vadisi rayonlarında 20-22 m/san təşkil edib. Abşeron yarımadasında külək 32 metrədək güclənib. Neft daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 6,5 metrə çatıb.
U. Tağıyeva deyib ki, ölkə ərazisində ən minimal temperatur dağlıq rayonlarda 10-12 dərəcə şaxta ilə qeydə alınıb. Naxçıvanda 4 dərəcə şaxta, Abşeron yarımadasında isə gecə saatlarında 2 dərəcə isti qeydə alınıb.
Bu gündən hava şəraiti sabitləşəcək, yağıntılar kəsəcək. Dekabrın 5-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Yalnız bəzi cənub rayonlarında zəif yağıntı ehtimalı var.
Paytaxtda cənub küləyinin üstünlüyü müşahidə olunacaq, küləyin sürəti saniyədə 15 metrə çatacaq. Havanın temperaturu ayın 5-də bu günlə müqayisədə 3-4 dərəcə yüksələcək, 8-13 dərəcə isti olacaq.
Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu, yağmursuz keçsə də, havanın arabir tutulacağı proqnozlaşdırılır. Axşam saatlarında yarımadanın bəzi ərazilərində cüzi yağış ehtimalı var.
Aran rayonlarında gündüz 7-12 dərəcə, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gündüz 2-7 dərəcə isti, gecə 7-12 dərəcə, bəzi yerlərdə 15 dərəcə şaxta olacaq.