BMT Adi Silahlar Registrinin məlumatları əsasında apardığı araşdırmaya görə, ötən 10 ildə Azərbaycan Belarusun tank və artilleriya satışında ilk yeri, döyüş təyyarələri satışında üçüncü, zirehli döyüş maşınlarında isə ikinci yeri tutub.
Hesabatlara görə, Belarus 2002-2012-ci illərdə xarici ölkələrə 271 ədəd əsas döyüş tankı satıb. APA-nın xəbərinə görə, bunun 153-ü Azərbaycanın payına düşür. Azərbaycanın bu ölkədən satın aldığı tankların hamısı T-72 modeli olub. Hesabatın əhatə etdiyi 10 ildə Belarus Azərbaycandan başqa, Yəmənə 80 ədəd T-80 tankı, Uqandaya 23 ədəd T-55 tankı, İrana isə 15 ədəd T-72M1 tankı satıb.
Qeyd olunan dövrdə Belarus müxtəlif çaplı 223 ədəd artilleriya sistemi ixrac edib. Bunun 132 ədədi Azərbaycana satılıb. Ümumilikdə isə Belarus Azərbaycanın son onillikdə ən çox artilleriya sistemləri aldığı ölkələr sırasında Ukraynadan sonra 2-ci yerdə qərarlaşıb. Azərbaycanın bu ölkədən aldığı artilleriya sistemlərinin 120 ədədini D-30 topu, 12 ədədini 203 mm çaplı 2S7 «Pion» özüyeriyən haubitsalar tutub.
2002-2012-ci illərdə rəsmi Minsk 66 ədəd döyüş təyyarəsinin ixracını gerçəkləşdirib. Hesabat dövründə Belarus Azərbaycana 11 ədəd Su-25 satıb. Son onillikdə 181 ədəd ZTR və piyadaların döyüş maşının ixracını reallaşdıran Belarusun siyahısında ilk yeri 89 ZTR ilə Sudan tutub. Sonrakı yerlərdə isə 60 ədəd BTR-70 ilə Azərbaycan və 32 ədəd ZTR ilə Kot-d-İvuar qərarlaşıb.