Komitənin mətbuat xidmətindən “APA-Economics”ə bildirilib ki, gömrük postları sərhəddə yaranmış növbənin aradan qaldırılması üçün gücləndirilmiş rejimində çalışır: “Bu məqsədlə bir avtomobilin sənədləşdirilməsinə ayrılan vaxt 20 dəqiqədən 8 dəqiqəyədək azaldılıb. İndiyədək 200-dən artıq avtomobil sərhəddən buraxılıb”.
Qeyd edək ki, Azərbaycan-Rusiya sərhədində yük avtomobillərinin uzun növbəsinin yaranmasına səbəb Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsidir. Bu səbəbdən Türkiyəyə yük daşıyan avtomobillər Azərbaycan ərazisindən istifadə etməyə məcbur olublar.
***
15.48
Azərbaycan Respublikası və Rusiya Federasiyasının sərhədində avtomobillərin uzun növbəsi yaranıb.
Samur gömrük məntəqəsinin rəisi Hüseyn Mənsimov APA-ya bildirib ki, hazırda gömrükdə 150-dən çox avtomobil qarşı tərəfə keçmək üçün növbə gözləyir. O deyib ki, növbənin yaranmasına səbəb Gürcüstan-Rusiya sərhədindəki problemdir: “Rusiyadan Gürcüstana və əks istiqamətində hərəkət olmadığından bütün avtomobillər Azərbaycan ərazisi ilə sərhədi keçməyə məcbur olurlar”.
Samur gömrük məntəqəsinin rəisi yaranan növbələrin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparıldığını söyləyib.