Azay Quliyev USAİD-ın nümayəndəsi ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə direktor müavini xanım Suzan Fritz, ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili cənab Derek Hoqani, səfirliyin siyasi müşaviri Daniel Slaşer və Agentliyin əməkdaşı Robert Lopez ilə görüş keçirib. Şuradan Lent.az-a verilən məlumata görə, Azərbaycanın vətəndaş cəmiyyəti inistitutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Suzan Fritz QHT sektorunun vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, onların xarici donorların fəaliyyətinə təsiri və digər məsələlər barədə Şura sədrinin fikirlərini öyrənib.
Şura sədri Azay Quliyev QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, hazırda Nazirlər Kabineti qanunvericiliyə olunan əlavə və dəyişikliklərdən irəli gələn qaydalar üzərində işləyir. Şura sədri dəyişikliklərin QHT-lərin və donorların fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini və bunlara əməl edən qurumların ölkəmizdə heç bir maneə olmadan fəaliyyət göstərə biləcəyini deyib. Görüşdə Azay Quliyev ABŞ və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasında dialoqun təşkili, eləcə də iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
140