Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Malena Mard ilə görüş keçirilib. Lent.az-ın xəbərinə görə, Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verərək Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. Şuranın təşəbbüsü ilə Milli Məclisdə “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq” haqqında qanunların qəbul edildiyini də səfirin diqqətinə çatdırıb.
Səfir M. Mard Azərbaycanda çalışmağından məmnunluğunu bildirərək “Readmissiya” sazişinin imzalanmasının Aİ və Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu bildirib.
Aİ-nın Azərbaycandakı nümayəndəliyi üçün hazırda ölkəmizdə təhsilin inkişafı, qanunun aliliyinin təminatı və regionların inkişafının prioritet sahə olduğunu qeyd edən səfir hər üç istiqamət üzrə vətəndaş cəmiyyəti strukturları ilə əməkdaşlığı vacib hesab etdiklərini qeyd edib.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd olunan istiqamətlər üzrə Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə QHT-lərin siyasiləşməsi məsələsinə də toxunulub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.