Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkəmizdə səfərdə olan Harvard Universitetinin bir qrup tələbəsi ilə görüşüb.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azay Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı və Şuranın bu istiqamətdə gördüyü işlər barədə danışıb.
Şura sədri QHT-lərin dövlət tərəfindən dəstəklənməsi, QHT layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi ilə barədə də məlumat verib. O, Şuranın bu ildən etibarən demokratik dəyərlər və Azərbaycanla əlaqəli bir sıra mövzular üzrə xarici QHT-ləri maliyyələşdirməyə başlaması, eləcə də Şurada bütün layihə təklifləri və hesabatların yalnız elektron formada qəbul edilməsi haqda yenilikləri də nəzərə çatdırıb. Harvard Universiteti tələbələri Şuraya təqdim edilən layihələrin qiymətləndirmə prosedurları, maliyyələşdirilən layihələrin monitorinqi, Şuranın beynəlxalq fəaliyyəti və başqa məsələlər Azay Quliyevə suallar ünvanlayıblar. Şura sədri suallara ətraflı və müfəssəl cavab verib.