Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze və Fondun Uşaqların Müdafiəsi proqramının rəhbəri Ramiz Behbudovla görüş keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayəndəliyin rəhbəri Andro Şilakadze Fondun fəaliyyəti barədə geniş məlumat verərək Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. A. Şilakadze təmsil etdiyi Fondun Şəmkir, Şirvan və Qəbələdəki QHT Təlim və Resurs Mərkəzləri, eləcə də uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən digər QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirmək istədikləri layihələr haqqında da fikirlərini bildirib.
Qonaqlar QHT haqqında qanunvericiliyə edilən əlavə və dəyişiklərdən sonra BMT-nin tərkib hissəsi olan UNİCEF, UNDP-in fəaliyyət imkanlarının vəziyyəti ilə maraqlandıqlarını deyiblər.
Şura sədri, millət vəkili Azay Quliyev Şuranın QHT sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında qonaqlara ətraflı məlumat verib. A.Quliyev Fondun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. Daha sonra Azərbaycan qanunvericiliyində edilən son dəyişikliklərin QHT sektorunda şəffaflığın, effektiv idarəetmənin və hesabatlılığın təminatına xidmət etdiyini qeyd edib. Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib və Şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.